Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2016/2024 15.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 17 iyul 2014cü il tarixli, 2(027)-1117/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahdan olan 09 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 09 may 2011-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Cavabdeh ilə münasibətlərinin pozulması səbəbindən aralarına olan nikah 2015-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuş, nikah pozulan zaman birgə nikahlarından olan 09 may 2011-ci il təvəllüdlü X8 onun yanında saxlanılmışdır. Cavabdehlə nikahlarının rəsmi qaydada pozulmasından əvvəl də cavabdeh birgə nikahdan doğulmuş övladlarına baxmadığı üçün Quba Rayon Məhkəməsinin 2(027)-745/2012 saylı, 08 iyun 2012-ci il tarixli qətnaməsi ilə azyaşlı övladlarının saxlanması üçün hər ay Cavabdeh 60 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Daha sonra isə Quba Rayon Məhkəməsinin 2(027)-1117/2014 saylı, 17 iyul 2014-cü il tarixli qətnaməsi ilə qeyd edilən alimentin məbləği artırılaraq 90 manat müəyyən edilmişdir. Cavabdehlə birgə nikahdan doğulmuş övladı məktəblidir, ehtiyacları günü-gündən artır. O, 10 ildir ki, cavabdehə qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir və məhkəmə tərəfindən 2014-cü ildə qət edilmiş 90 manat məbləğində aliment isə hal-hazırda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumundan dəfələrlə azdır. İş üzrə cavabdeh isə öz övladına nə maddi, nə də mənəvi köməklik göstərmir. O, özü övladını anasının köməkliyi ilə saxlamağa çalışsa da, çox çətinlik çəkir və övladını saxlamaq cavabdehin də bir ata kimi vəzifəsidir. Hazırda qət edilmiş aliment miqdarı ilə uşağa baxmaq mümkün deyildir. Uşağın təhsili, geyimi, sağlamlığı, istirahəti və s ilə bağlı xərcləri hər gün artır. Onun kimi övladına baxmaq cavabdehin də vəzifəsidir. O, ilkin olaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh X5 iştirak etmədiyi üçün ona 19 iyul 2024-cü il tarixli, MSQ-MT-027-2024-00959 nömrəli arayış verilmişdir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunmasını xahiş etmişdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehin 11 min manatdan yuxarı borcu yığılmışdır və hazırda o avtoyuma məntəqəsində işləyir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(027)- 1117/2014 saylı qətnaməsindən göründüyü kimi, İddia qismən təmin olunmuş, Quba Rayon Məhkəməsinin 08 iyun 2012-ci il tarixli, 2(027 745/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çalanadək saxlanması üçün 05 iyun 2014 cü il tarixdən Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimen tutularaq, X7 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğu ilə İddiaçı arasında Quba rayon Qeydiyya şöbəsi tərəfindən bağlanmış nikah xx.xx.2016-cı il tarixində pozulmuşdur. İş materiallarında olan AZ-İİ 789069 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2011-ci il təvəllüdlü X8 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X5 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MSQ-MT-027-2024- 00959 saylı arayışına əsasən, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(027)-1117/2014 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə uşaq üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay uşağın saxlanılması üçün 300 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşağın aylıq xərcinin 300 manat olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsini, bu halın isə uşağın zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşağın mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşağın üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə uşağın maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin 200 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı həmçinin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqının iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(027)-1117/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2016/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2016/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver