Məhkəmə qərarları › İş №2(027)-2069/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2069/2024

13.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2069/2024 13.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-955/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla cavabdehdən hər ay sabit pul məbləğində 235 manat miqdarında alimentin və 60 manat ödənilmiş mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 23 iyun 2016cı tarixli 2(027)-955/2016 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 03 dekabr 2005ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozularkən birgə nikahlarından 27 iyun 2006-cı il tarixdə doğulmuş X3 və 05 fevral 2009-cu il təvəllüdlü X1 onun yanında saxlanılmaları, 27 iyun 2006-cı il tarixdə doğulmuş X3 və 05 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 aprel 2016-cı il tarixdən hər uşağa görə ayda 75 manat olmaqla, Cavabdeh 2 uşağa görə hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, ona verilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından artıq 8 il müddət keçmişdir. Hazırda oğlu Vüsal İbrahimov tələbədir, qızı Zəhra İbrahimovanın 15 yaşı var. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş 75 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 235 manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi tələbatlarını ödəmir. Bu müddət ərzində uşağın gündəlik xərcləri və maddi tələbatları artmışdır. Qızı məktəblidir, 9-cu sinifdə oxuyur. Gələcək təhsili ilə bağlı əlavə ödənişli məşğələyə gedir. Beləliklə də, övladının maddi tələbatları artmışdır. Övladının maddi tələbatlarını çətinliklə qarşılayır. Cavabdeh Bakı şəhərində, tikintilərdə usta işləyir. Qazancı və gəliri kifayət qədər yüksəkdir. Lakin övladının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etsə də, aralarında heç bir razılıq əldə edilməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, hər ay qətnamə əsasında müəyyən edilmiş 75 manat məbləğində alimenti çətinliklə ödəyir. Hazırda 6000 manat aliment borcu vardır. Yeni ailə qurmuş, həmin ailəsindən də iki övladı vardır. Lakin yeni qurduğu ailəsindən də boşanmış və hər iki uşağı üçün aliment ödəyir. Ona görə də, xx.xx.2009-cu il təvəllüdlü qızı Zəhra üçün 150 manat aliment ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ 179078 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; Quba Rayon Məhkəməsinin 2(027)-955/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, 27 iyun 2006-cı il tarixdə doğulmuş X3 və 05 fevral 2009-cu il təvəllüdlü X1 İddiaçı yanında saxlanılmaları, 27 iyun 2006-cı il tarixdə doğulmuş X3 və 05 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 aprel 2016cı il tarixdən hər uşağa görə ayda 75 manat olmaqla, Cavabdeh 2 uşağa görə hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər razılığa gəlməmişlər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-955/2016 saylı qətnaməsi ilə tərəflərin birgə münasibətindən doğulmuş 05 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 75 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğini cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-955/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 160 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 75 manat aliment artırılaraq, aylıq 235 manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 1920 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən 39,20 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Odur ki, qeyd edilən 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-955/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci əvəzi 60 (altmış) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar