Məhkəmə qərarları › İş №2(027)-2092/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2092/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2092/2022 10.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlsəfa oğlu tərəfindən qəsdən əmlakına vurulmuş 4000 manat maddi zərərin və 60 manat dəyərində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəşrəş kənd sakini Cavabdeh 15 mart 2022-ci il tarixdə saat 09 radələrində ona məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən yaşadığı evin qarşısında, yolun digər kənarında olan bağ sahəsində yığdığı istifadə olunmuş tikinti materialı olan taxtaların üzərinə özü ilə gətirdiyi plastik qabda olan benzini tökərək, tikinti materiallarının təxminən 10 kub metr hissəsini qəsdən yandıraraq, ona 4000 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh hərəkəti barəsində Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış, Cavabdeh əməlində AR CM-nin 186-cı maddəsinin tərkibi olmadığından. AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati iş başlanılmışdır. Bu fakt ərizəsinə əlavə etdiyi Quba rayon məhkəməsinin qərarı ilə də təsdiq olunur. Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)-693/2022 saylı qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış 3(027)-693/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 38-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş, lakin Cavabdeh tərəfindən qəsdən əmlakına vurulmuş 4000 (dörd min) manat məbləğində maddi zərər ödənilməmişdir. Dəfələrlə Cavabdeh ona vurduğu 4000 manat məbləğində maddi zərəri ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona zərəri ödəməkdən yayınır. Əvvəllər cavabdeh həmin məbləği ödəyəcəyinə söz verərərək məni aldatmış, o, da ona inanırdı. Hazırda isə ondan qaçır, zəngini belə açmır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bununla əlaqədar ödədiyi dövlət rüsumu olan 60 manatı tələb edir. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən, Cavabdeh Əlsəfa oğlundan 4000 manat zərər alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olyunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 205 №li arayışından görünür ki, İddiaçı Quba rayonu, Qəçrəş kəndində yaşayır. İş matreriallarında olan 20 aprel 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən 04 aprel 2022- ci il tarixdə HK-1/533 nömrəli material əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, Cavabdeh 15 mart 2022-ci il tarixdə saat 09 radələrində İddiaçı məxsus Quba rayonu Qəçreş kəndində yaşadığı evin qarşısında, yolun digər kənarında olan bağ sahəsində yığılmış köhnəlmiş tikinti materialı olan taxtaların üzərinə özü ilə plastik qabda gətirdiyi benzini tökərək təxminən 10 kub metrini qəsdən yandıraraq İddiaçıya 4000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh əməlində AR CM-nin 186-cı maddəsinin tərkibi deyil, AR İXM-nin 232-1-ci maddəsinin tərkibi vardır. Ona görə də Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 60 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus Quba rayonu Qəçreş kəndində yerləşən yaşadığı evin qarşısında, yolun digər kənarında olan bağ sahəsində yığılmış köhnəlmiş tikinti materialı olan taxtaların üzərinə benzin tökərək qəsdən yandırmaqla maddi zərər vurmuşdur. İddaçıya dəyən maddi ziyan cəmi 4000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 4000 (dörd min) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 60 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 4000 (dörd min) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 60 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar