Məhkəmə qərarları › İş №2(027)-2117/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2117/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2117/2021 21.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tikilinin quraşdırılması ilə bağlı çəkdiyi 7.000 manat məbləğində xərcin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə çoxdan tanışdır. Onların bir-biriləri münasibətləri yaxşı olmuş və ailəvi gediş gəlişləri olmuşdur. Mursalov X1 yaşayır və həmin kəndin meşəbəyisidir. Daima həmin kənddə gəlib getdiyindən, kəndin havası və təbiəti xoşuna gəlmişdir. Həyat yoldaşı xəstə olduğundan həkim təmiz hava məsləhət gördüyü üçün orada torpaq almaq istəmişdir. Bu məqsədlə dostu Cavabdeh kənddə münasib yerdə torpaq sahəsi almaq istədiyini bildirmişdir. Dostu Cavabdeh onun özündə satılmalı torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini ona satmağa razı olduğunu bildirmişdir. Həmin torpaq sahəsi ilə maraqlandıqda ona Susay kəndində çayın kənarında kol-kos basmış və sənədsiz 3 sot boş yeri dostu olduğu üçün 1000 (bir min) manata satdığını bildirmişdir. Hələlik ona həmin yeri sənədsiz olduğunu, lakin qısa müddətdən sonra torpaq sahəsinə sənəd düzəltdikdən sonra alğı-satqı rəsmiləşdirəcəyini bildirmişdir. O, dostu Cavabdeh həmin yerə görə 1000 (bir min) pul vermişdir. Bundan sonra aldığı həmin yerə qatar vaqonu gətirib qoymuş, onu təmir etmiş və əlavə olaraq taxtadan bir yataq otağı, bir mətbəx, bir hamam tikərək ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Həmin ərazidə vaqonun gətirib qoyulmasına və əlavə tikililərin tikilməsinə təxminən 7000 (yeddi min) manatdan çox pul xərcləmişdir. O, hərdən Bakı şəhərinə gedib gəlmiş və bu vaxtı Cavabdeh etibar etdiyindən evin açarlarını ona verib getmişdi. Daha sonra öyrənmiş ki, Cavabdeh onun xəbəri və razılığı olmadan o, Bakı şəhərinə gedən zaman onun evini günlük kirayə vermiş və gəlir əldə etmişdir. O, dəfələrlə Cavabdeh torpaq sahəsini sənədləşdirməsini xahiş etmişdir. Cavabdeh həmin torpaq sahəsini alan zaman Susay kəndinin yolu asfalt olmamışdır. 3 il əvvəl həmin kəndin yoluna asfalt çəkilmişdir. Bundan sonra Cavabdeh nəinki torpaq sahəsini sənədləşdirərək onunla alğısatqı etmək istəmiş, əksinə təxminən 5-6 il əvvəl ona satdığı torpaq sahəsini ondan almaq üçün bəhanələr gətirməyə başlamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçı ilə əvvəllər yaxın dost olduqlarını qeyd etmişdir. Bildirmişdir ki, iddiaçı Bakı şəhərində yaşadığından ondan yay aylarında gəlib qalması üçün Susay kəndində pulsuz müvəqqəti torpaq sahəsi istəmişdir. Oda, mərhum atasından qalmış sonradan öz adına rəsmiləşdirdiyi torpaq sahəsini iddiaçı ilə dost olduqları üçün müvəqqəti olaraq ona vermişdir. Bunun müqabilində iddiaçı hörmət əlaməti olaraq ona 400 manat məbləğində pul vermişdir. İddiaçı həmin torpaq sahəsinə vaqon gətirib qoymuş və taxtadan bir otaq inşa etmişdir. Sonradan iddiaçı ilə aralarında olan dostluq münasibətləri pozulmuş və o, iddiaçının torpaq sahəsindən çıxmasını tələb etmişdir. İddiaçı həmin torpaq sahəsində inşa etdiyi otaq üçün 7.000 manat xərc çəkdiyini qeyd etsə də, iddia əsassızdır, torpaq sahəsin quraşdırılmış vaqonuda iddiaçının aparmasını dəfələrlə tələb etsə də, iddiaçı torpaq sahəsindən vaqonu çıxarmamışdır. İddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin 25.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Quba rayon Susay kəndində yaşayan Cavabdeh izahatında göstərmişdir ki, yaşadığı kəndin meşə massivinin meşəbəyisi işləyir. Ondan şikayət edən Laçın rayon sakini İddiaçı 8 il bundan qabaq tanımışdır. Kəndə gələndə evində də qalmışdır. Öz adına kənd ərazisində 0,10 ha həyatyanı torpaq sahəsi vardır. Həmin yer evinin yanıdır və çay kənarıdır. 4 il bundan əvvəl İddiaçı arvadı Zərifə ilə kənddə qalmağa yer istəmişlər. O, da ona öz 0.10 ha torpaq sahəsindən qalmağa pulsuz 3 sot yer vermişdir. Nəbi də gətirib oraya taxtadan quraşdırılmış bir vaqon gətirib qoymuşdur və böyründə taxtadan otaq düzəltmişdir. Həmin yerdə 4 il qalmışlar. Sonra Nəbi demişdir ki, “elə belə qalmaq istəmirəm, nə qədər qalsam, ildə sənə 1000 manat pul verəcəyəm.” Əvvəlcə ona 400 manat pul vermiş, amma qaldığı illər üçün 3600 manat borclu qalmışdır. Sonra Nəbi getmək istəyəndə demişdir ki, “gətir, qalan pulumu ver əşyalarını götür get.” Nəbi əşyalarını aparmış, amma vaqonu aparmağa ona imkan verməyib demişdir ki, “3600 manat pulumu ver, sonra apar.” Həmin vaxtdan Nəbi kənddə gəlməmişdir. Nəbi ona cəmi 400 manat pul vermişdir. Özünün Nəbiyə yox, Nəbinin ona 3600 manat borcu vardır. Nəbi öz istəyi ilə getmişdir, onu qovan olmamışdır. Araşdırma zamanı vaqon və tikili quraşdırılmış torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu verilib mütəxəssis dəvət edilmiş və 24 avqust 2021-ci il tarixdə tərəflərin və mütəxəssisin iştirakı ilə həmin mübahisəli yerə baxış keçirilərkən vaqon və tikinti quraşdırılmış ərazinin Çıxarış sənədi ilə Cavabdeh adına olan 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən edilmişdir. Beləliklə də aparılmış əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh razılığı ilə sonuncunun 0.10 ha torpaq sahəsində yaşamaq üçün vaqon qoyaraq tikinti quraşdırmış, sonradan onlar arasında yaranmış şəxsi münasibətlər zəminində narazılıq səbəbindən İddiaçı həmin ərazidən çıxmışdır. Lakin vaqon və tikinti torpaq sahəsində qalmışdır. Vaqon və tikili ilə bağlı isə tərəflər arasında pulla bağlı mübahisə yaranmışdır. Buradan da görünür ki. cinayət hadisəsi baş verməmişdir, tərəflər arasındakı pul tələbi ilə bağlı mübahisə mülki xarakterlidir. Ona görə də, İddiaçı müraciəti əsasında toplanmış material mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı ilk növbədə sübuetmə yükü baxımından cavabdehin mülkiyyətində olan Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsinin alğı-satqısı əsasında 1000 manat məbləğində pul verdiyini və həmin torpaq sahəsində inşa etdiyi tikiliyə 7.000 manat məbləğində pul xərclədiyini sübut etməli idi. Bundan başqa, iddiaçı qeyd etdiyi məbləğin hansı əsasla cavabdehdən tələb etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməyib. Beləki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alğı-satqısı ilə bağlı heç bir müqavilə mövcud deyil və həmin torpaq sahəsində inşa edilmiş tikilinin xərcləridə müəyyən edilməmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən torpaq sahəsində quraşdırılmış vaqonun çıxarılmasına etiraz etmədiyini qeyd etmişdir. Cavabdehin iddiaçıya 7.000 manat məbləğində pul borculu olmasını təsdiq edən sübut iş materillarında mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar