Məhkəmə qərarları › İş №2(027)-2154/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2154/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2154/2021 16.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Cavabdeh və onun vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.11.2009-cu il tarixli borc müqaviləsi və 05.12.2009-cu il tarixdə imzalanmış 2 ədəd qəbz üzrə yaranmış cəmisi 18.100 (on səkkiz min yüz) manat məbləğində əsas borcun, hesablanmış 13.575 (on üç min beş yüz yetmiş beş) manat məbləğində bank uçot dərəcəsinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10.860 (on min səkkiz yüz altmış) manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, cəmi 42.535 (qırx iki min beş yüz otuz beş) manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə Cavabdeh arasında 25.11.2009cu il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən X1 Rəşad Rafiq oğluna 4.900 (dörd min doqquz yüz) manat məbləğində borc vermişdir. Borc alan pulu 05.12.2009-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4cü bəndinə əsasən, Cavabdeh həmin borcu vaxtında ödəməzsə, Hacıyev Vaqif həmin müqavilə üzrə iddia qaldırmaq hüququna malikdir. Borc müqaviləsindən də göründüyü kimi borc məbləği 05.12.2009-cu il tarixədək gec olmayaraq qaytarılmalı idi. Lakin həmin müddətdən sonra heç bir ödəniş olunmamışdır. Bundan əlavə, Cavabdeh öz əl yazısı ilə qəbzi imzalamaqla 05.12.2009- cu il tarixdə 5600 (beş min altı yüz) manat və 7600 (yeddi min altı yüz) manat borc pul götürmüş, 20.12.2009-cu il tarixdə qaytarmağı öhdəsinə götürsə də, bu günədək qaytarmamışdır. Həmin qəbzi Cavabdeh iki şahidin iştirakı ilə imzalamışdır. 08 fevral 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 06.01.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 02 sentyabr 2021-ci il tarixli, 3332 nömrəli arayışına əsasən, X9 06.01.2021-ci il tarixdə vəfat etmiş və vərəsələrin dairəsi müəyyən edilmişdir. Miras qoyanın vərəsələri (övladları): GADZHİEV BAKHSHALİ (Hacıyev Baxşəli); GADZHİEVA REYA (Hacıyeva Röya) və GADZHİEV ABİL (Hacıyev Habil). Göründüyü kimi, Cavabdeh iddiaçıları aldatmış, onların əmlakını - pulunu mənimsəmişdir və hal-hazıradək də geri qaytarmamışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onlara maddi və mənəvi ziyan dəymişdir. Əgər həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydıq xeyli miqdarda gəlir əldə edə bilərdilər. Ona görə borc ödənilmədiyi üçün Cavabdeh orta illik bank faiz uçot dərəcəsi də tutularaq əldən çıxmış fayda kimi onlara ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsi vasitəsilə 18.12.2020-ci il tarixdən hal-hazıradək uçot faiz dərəcəsi 6.25 % hesablanaraq (4900+5600+7600=18.100) 18.100 manata görə 13.575 manat (18.100 x 6.25% x 12 il) da onlara ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh və onun vəkili X6 iddianı qəbul etməyərək, mülki iş üzrə iddiaçının iddia müddətini ötürdüyünü nəzərə alınaraq, iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və onun vəkili X6 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı “pul” tələbinə dair iddiasının qəbul etmədiyini və həmçinin mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişlər. Həmçinin cavabdeh bildirmişdir ki, X9 ilə arasında ticarət əlaqələrinə görə münasibəti olmuş və o, sağlığında ondan pul istəməmiş, onun ümumiyyətlə X5 borcu olmamışdır. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 25.11.2009-cu il tarixli borc müqaviləsindən görünür ki, X1 Rəşad Rafiq oğluna 05.12.2009-cu il tarixdə qaytarmaq şərti ilə 4.900 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, X1 Rəşad Rafiq oğluna 05.12.2009-cu il tarixdə qaytarmaq şərti ilə 7600 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, X1 Rəşad Rafiq oğluna qaytarmaq şərti ilə 5600 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06.01.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri, 14 saylı notariat ofisinin 02.09.2021-ci il tarixli məktubundan görünür ki, X4 vərəsələri - İddiaçı1, İddiaçı2 və İddiaçı3dur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıların ataları mərhum X3 25.11.2009-cu il tarixli borc müqaviləsi və 05.12.2009-cu il tarixdə imzalanmış 2 ədəd qəbz üzrə ümumilikdə 18.100 manat məbləğində borc pul almışdır. Lakin, X7 vərəsələri olan iddiaçılar məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşlər. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iclasında Cavabdeh və onun vəkili X6 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı “pul” tələbinə dair iddiasının qəbul etmədiyini və həmçinin mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 367.1-ci maddəsinin tələbinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 372.2.). Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Mülki Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Həmin Məcəllənin 377-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28.11.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və Qeyd edilən mülki hüquq normalarının müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar