Məhkəmə qərarları › İş №2(027)-216/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-216/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-216/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1050 (min əlli) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin yazılmasına görə vəkilə ödənilmiş 60 (altmış) manat və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu, cəmi 1142 (min yüz qırx iki) manat alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi imzalamışlar. Sadə yazılı formada bağlamış olduğları müqaviləyə əsasən gündəlik icarə haqqı 15 manat ödəməklə Dragon markalı, LCS1BATF6M1080013 seriyalı məhsul icarəçinin istifadəsinə verilmişdir. Cavabdeh keçən müddət ərzində öhdəliyə dair heç bir ödəniş aparmadığına görə xx.xx.2022-ci il tarixində ona məxsus olan Dragon markalı mopedi Cavabdeh qarşılıqlı razılaşma əsasında geri almışdır. Cavabdeh müqavilə bağlandığı andan etibarən müqavilə üzrə öhdəliyini icra etməməklə pozuntuya yol vermişdir. Qeyd edir ki, 70 günün icarə haqqı yəni, 1050 manat (70 gün x 15 manat) məbləğində pul vəsaitindən bu günə qədər ona heç bir ödəniş edilməmişdir. 1050 (min əlli) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin yazılmasına görə vəkilə ödənilmiş 60 (altmış) manat və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. İddiaçı məhkəməyə ərizə göndrərək, iddiasını müdafiə etdiyini, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və Cavabdeh 1142 manatın alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən gündəlik icarə haqqı 15 manat ödəməklə Dragon markalı, LCS1BATF6M1080013 seriyalı məhsul 1 (bir) il müddətinə icarəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 32 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 60 manat pul ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, yuxarda göstərilən qanun normalarının tələbinə əsasən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilənin düzlüyü və tamlığı heç bir şübhə doğurmadığı üçün tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi mötəbər sübut kimi qəbul edilməlildir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh gündəlik icarə haqqı 15 manat ödəməklə Dragon markalı, LCS1BATF6M1080013 seriyalı məhsulu icarəyə vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməklə, icarə haqqından ödəniş etməmiş, İddiaçı 1050 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1050 (bir min əlli) manat məbləğində pul, hüquqi yardım ilə əlaqədar ödənilmiş 60 manat və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1142 manat alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1050 (bir min əlli) manat məbləğində pul, hüquqi yardım ilə əlaqədar ödənilmiş 60 manat və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1142 manat alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar