Məhkəmə qərarları › İş №2(027)-2172/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2172/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2172/2023 26.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 aprel 2011-ci il təvəllüdlü X4 və 2 avqust 2012-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində müəyyən edilərək Cavabdeh ona ödənilməsinə dair qətnamə çıxaralımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla rəsmi qaydada evlənib ailə qurmuş, birgə nikahdan 15 aprel 2011-ci il tarixində Ayan 2 avqust 2012-ci il tarixində Yusif adlı uşaqları anadan olmuşdur, aralaırnda olan narazılıqlara görə ayrılmışlar, iki azyaşlı uşaq onun himayəsindədir. Cavabdehin geniş kənd təsərrüfatı və digər gəlirləri var, xx.xx.2019-cu il tarixli Quba rayon məhkəməsinin qətnaməsi ilə iki azyaşlı uşaqları üçün hər birinə 70 manat olmaqla 140 manat sabit pul məbləğində aliment iki azyaşlı uşağının mümkün təlabatın belə ödəmir cavabdeh isə azyaşlı uşaqlarının heç bir maddi və mənəvi maraqları ilə maraqlanmır, ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia ərizəsinə əlavə etdiyi Quba rayonu məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən aşkar olur ki, qeyd olunan qətnamə ilə 15 aprel 2011-ci il təvəllüdlü X4 və 2 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 140 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə etdiyi doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqələrindən aşkar olur ki, cavabdehlə nikahdan Ayan və Yusif adında uşaqları vardır. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, o iddianı qəbul etmir. Belə ki, onun İddiaçı ilə birgə nikahdan 15 aprel 2011-ci il təvəllüdlü Ayan və 02 avqust 2012-ci il təvəllüdlü Yusif adlı övladları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyi üçün aralarında olan nikah pozulmuş və azyaşlı övladları anaları İddiaçı himayəsində saxlanmışlar. O, hər ay övladlarının saxlanması üçün iddiaçıya 140 manat məbləğində aliment ödəyir. Bir ata kimi övladlarını saxlamağa borclu olduğunun və bununla bağlı vəzifələrinin olduğunun fərqindədir. Lakin heç bir yerdə işləmədiyi və maddi imkanı olmadığı üçün yuxarıda qeyd etdiyi aliment məbləqlərini də çətinliklə ödəyir. Alimentin miqdarı artırılaraq hər uşaq üçün 220 manat məbləğində müəyyən olunarsa, həmin məbləği ödəmək onun maddi imkanları xaricindədir və həmin məbləği qətiyyən ödəyə bilmir. Belə ki, onun rəsmi heç bir işi yoxdur. Anası İ qrup gözdən əlil olduğu üçün o ona da qulluq etmək məcburiyyətindədir. İ qrup əlil anasına qulluq etməyinin sübutu etirazına əlavə etdiyi sosial arayışlardır. İ qrup əlil anasına qulluq etdiyi üçün başqa hər hansı fəaliyyətlə və işlə də məşğul ola bilmir. Eyni zamanda o İddiaçı rəsmi qaydada ayrıldıqdan sonra X8 ilə rəsmi nikaha daxil olmuşdur. Onun həmin nikahdan da xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Hal-hazırda o iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqları ilə yanaşı, ikinci nikahdan doğulmuş 2 azyaşlı övladını da saxlamalır. Qeyd etdiyi hallar isə onu göstərir ki, onun maddi vəziyyəti yaxşılaşmamışdır. Əksinə daha da ağrılaşmışdır. İddiaçı özü isə xəstəxanada tibb bacısı kimi çalışır. İkinci dəfə ailə həyatı qurub, iddiaçı ilə birgə nikahdan doğulmuş övladları zamanlarının çox hissəsini anaları olan İddiaçı ilə deyil, nənə və babaları ilə keçirirlər. Uşaqlara baxmaq isə hər iki valideynin vəzifəsidir. O, bir daha qeyd edir ki, övladlarına baxmaqdan imtina etmir, ancaq iddia tələbində qeyd edilən miqdarda aliment ödəmək onun imkanları xaricindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırki vəziyyətdə onun maddi vəziyyətinin yaxşılaşmasına səbəb olan hər hansı hal mövcud deyil, əksinə maddi vəziyyətim daha da ağırlaşmışdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub- olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Qeyd edilənlərə əsasən hazırki işə baxılarkən onun maddi vəziyyəti, ailə vəziyyəti, ikinci nikahdan da iki nəfər azyaşlı övladının olması, himayəsində İ qrup gözdən əlil anasının olması və onun ona qulluq etməyinə görə əlavə hər hansı fəaliyyətlə məşğul ola bilməməyi, maddi vəziyyətinin yaxşılaşmasına səbəb olan heç bir halın olmaması nəzərə alınaraq İddiaçı ona qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi X7 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə hər uşağa təyin olunmuş 70 manat aliment məbləği uşaqların bir aylıq təlabatnı belə ödəmir. Təmsil etdiyi İddiaçı Quba rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir, 350 manat əmək haqqı alır. Uşaqlardan biri əlildir 200 müavinat alır, iddiaçı uşağa qulluğa görə 100 manat müavinat alır, uşağların saxlanmasında çətinlik çəkir. İddiaçı başqası ilə ailə qurmuş, həmin ailədən uşağı yoxdur. Cavabdehin tələb olunan alimenti ödəməyə imkanı var. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçıdan ayrılqdan sonra o, yeni ailə qurmuşdur və yeni ailəsindən iki uşağı vardır. Özü xəstə anasına baxır, ona qulluğa görə 100 manat müavinət alır. 1200 manat aliment borcu vardır. Hazırda işləmir, heç bir qazanc yeri yoxdur, maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 659686 №-li və AZ-İİ 932800 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2011-ci il tarixdə X10 və xx.xx.2012-ci il tarixdə X11 doğulmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 1502/2019 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 01 iyul 2018-ci il tarixli, 2(027)-1446/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq 15 aprel 2011-ci il təvəllüdlü X4 və 02 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 140 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən əldə olunmuş çıxarışdan görünür ki, iddiaçı X2 Rayon Mərkəzi Xəstənasında “təsərrüfat işləri ilə məşğul olan içi vəzifəsində işləyir, aylıq əmək haqqısı 449 manat təşkil edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 08 dekabr 2023-cü il tarixli 3-17-1/2-288113/2023 saylı məktubundan görünür ki, X10 hal-hazırda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs kimi (sağlamlıq imkanları məhdud uşaq kimi) 200 manat məbləğində sosial müavinət, anası İddiaçı isə övladı A.Cavabdehya qulluğa görə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarında olan Sosial arayışdan görünür ki, Cavabdeh 1-ci qrup əlillliyi olan şəxsə qulluğa görə 100 manat məbləğində müavinat alır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1502/2019 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15 aprel 2011-ci il təvəllüdlü X4 və 02 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 220 manat olmaqla, iki uşağa cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 15 aprel 2011-ci il təvəllüdlü X4 və 02 avqust 2012-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1502/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 90 (doxsan) manat olmaqla, iki uşağa cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15 aprel 2011-ci il təvəllüdlü X4 və 02 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 1502/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 90 (doxsan) manat olmaqla, iki uşağa cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar