Məhkəmə qərarları › İş №2(027)-2223/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2223/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2223/2024 09.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1233/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq birgə nikahlarından olan 29 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba Rayon Məhkəməsinin 2(027)-1233/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq birgə nikahlarından olan 29 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun və 50 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 noyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 29 noyabr 2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Quba Rayon Məhkəməsinin 2(027)-685/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Daha sonra o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2020/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 08 avqust 2019-cu il tarixdən başlayaraq, 29 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, 29 noyabr 2018-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində pul vəsaiti alınıb ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1233/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmaqla, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Qeyd edilən məbləğ uşağın bir aylıq təlabatın belə ödəmir. Belə ki, artıq cavabdehlə birgə nikahdan doğulmuş övladları məktəblidir. Ehtiyacları günü-gündən artır. Uşağın təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşağının digər tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, cavabdeh ilə aralarında heç bir razılığa gələ bilmədikləri üçün ona ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 05 avqust 2024-cü il tarixli, MSQ-MT-027-2024-00976 nömrəli arayış verilmişdir. Buna görə də. məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, eyni zamanda məhkəmədə iddiaya etiraz təqdim edərək bildirdi ki, o, hər ay qətnamə əsasında müəyyən edilmiş alimenti ödəyir. Alimentdən əlavə qeyri rəsmi olaraq uşağının bütün ərzaq, geyim, tibbi və rəhsil xərclərini də ödəyərək həmişə uşağının qayğısına qalır. İddiaçının ondan istədiyi aliment məbləği isə öz şəxsi xərcləri üçündür. 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. O da, alimentin miqdarının artırılaraq 235 manat olmasına etiraz etmir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-T 179502 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmişdir; Quba Rayon Məhkəməsinin 2(027)-1233/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir; mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1233/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğini cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, 29 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-1233/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 42 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 193 manat aliment artırılaraq, aylıq 235 manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 504 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2013cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən İddianın qiyməti 1.000 manatdan az olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, hüquqi yardımın göstərilməsi haqqında 340 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba ASAN vəkil bürosunun vəkili Elgün Əlixanlı arasında xx.xx.2024-cü il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba ASAN vəkil bürosunun hesabına 50 (əlli) manat məbləğində ödəniş edilmişdir. Odur ki, qeyd edilən 50 (əlli) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Odur ki, qeyd edilən 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1233/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 50 (əlli) manat, dövlət büdcəsinə köçürülmüş mediasiya xərci əvəzi 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar