Məhkəmə qərarları › İş №2(027)-2224/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2224/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2224/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-2001/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfindən ödənilmiş 60 (altımış) manat məbləğində rüsumunun və müdafiəçiyə ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində müdafiə xərcinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 2001/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazanc və gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq ona, İddiaçı verilməsi qət olunmuşdur. Belə ki, halhazır ki, dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş qazanc və gəlirlərinin ¼ hissəsi miqdarında, bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Çünki həmin məbləğ 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Azyaşlı Tərlan məktəblidir. Məktəbli uşağın maddi xərci çoxdu. Dövlət tərəfindən 2023-cü il üçün bir uşağa aylıq 220 (iki yüz iyirmi) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh maddi vəziyyəti yaxşıdır. Maddi vəziyyəti aylıq 220 (iki yüz iyirmi) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Valideynlər və uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə göndərərək, ərizəsində İddiaçı ona qarşı aliment tələbinə dair iddiasını qəbul etdiyini göstərmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV 015287 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X5 doğulmuşdur; İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 2001/2018 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 502 № ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-cı il təvəllüdlü X1 nikah pozulandan sonra anası X2 yanında qalması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə biri miqdarında alimentin tutularaq, iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 305619 nömərli Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-001503 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödədi. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə 170 manat pul ödənilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 26 sentyabr 2023-cü il tarixli 144/23 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən etibarən bu günədək X4 Cəmiyyətində çalışır. Aylıq əmək haqqı 825,00 (səkkiz yüz iyirmi beş) manat təşkil edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2001/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə biri miqdarında alimentin tutularaq, Məmmədova (Mirzəbəyli) Fatimə Bəhram qızına verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 2001/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 manat və hüquqi yardım ilə əlaqədar 170 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2001/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 60 manat və hüquqi yardım ilə əlaqədar 170 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar