Məhkəmə qərarları › İş №2(027)-2226/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2226/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2226/2024 23.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 923 manat avtomobilinə dəyən zərərin, ziyan aktının yazılmasına görə xərclədiyi 50 manat və məhkəmə rüsumu olan 30 manat olmaqla, ümimilikdə 1003 (min üç) manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, **-BD-*** dövlət nömrə nişanlı qeydiyyatda olan VAZ 21074 minik markalı avtomaşın ona məxsusdur. 24 iyul 2024-cü il tarixdə təxminən saat 20:45 radələrində Quba-Xınalıq yolu ilə hərəkətdə olarkən Alpan kəndi ərazisində avtomaşını idarə edərkən qarşısına at çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman at sahibsiz olub və nəzarətsiz olaraq magistral yola çıxmışdır. Baş verən yol-nəqliyyat hadisəsi atın sahibi Cavabdeh, özünə məxsus olan atını nəzarətsiz buraxdığına görə baş vermişdir. Qeyd edir ki, Cavabdeh, özünə məxsus atı sahibsiz və nəzarətsiz buraxaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. Bununla bağlı Cavabdeh qarşı törətdiyi inzibati xəta nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Quba rayon Polis Şöbəsinin DYP əməkdşaları tərəfindən X2 Haqqında TP ******* saylı qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin ön sol qandı, ön sol qapısı, qapının şüşəsi, ön alın şüşəsi, sol yan güzgü, damın sol yan kantı və yan nikellər yararsız hala düşmüşdür. “Təbriz” firmasına məxsus avtoservisin ustaları tərəfindən onun avtomobilinə baxış keçirilçiş və ziyan aktı tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktına əsasən qəzadan sonra onun avtomobilinə 923 manat məbləğində zərər dəymişdir. Ekspertizanın keçirilməsinə və ziyan aktının hazırlanmasına tərəfindən 50 manat pul ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, həmin yol nəqliyyat hadisəsi onun günahından olmuşdur. Tələb olunan maddi ziyan məbləğini ödəməyə maddi imkanı yoxdur. Hazırda iddiaçıya 400 manat pul ödəyə bilər. Həmin məbləğdən artıq ödəməyə imkanı yoxdur. Ona iddiaçı tərəfindən müəyyən qədər güzəşt edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, «VAZ 2106» minik markalı, «**-BD-***» dövlət qeydiyyat nişanlı, avtomaşına baxış keçirilərkən həmin avtomaşına toqquşma nəticəsində 923 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan X2 haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh oğlu İXP ******* №li protokol üzrə Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı ziyan aktının alınmasına görə 50 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 24 iyul 2024-cü il tarixdə, saat 20:45 radələrində Cavabdeh məxsus 1 rəst at İddiaçı idarə etdiyi «VAZ 2106» minik markalı, «**- BD-***» dövlət qeydiyyat nişanlı avtomaşının yoluna çıxmaqla toqquşma baş vermiş və nəticədə avtomaşın əzilməklə İddiaçı maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli X2 haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində «**-BD-***» dövlət qeydiyyat nişanli «VAZ 2106» markalı avtomobilə dəyən maddi ziyan cəmi 923 manat məbləğində müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 923 (doqquz yüz iyirmi üç) manat məbləğində pul, ziyan aktının alınmasına dair ödənilmiş 50 manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 923 (doqquz yüz iyirmi üç) manat məbləğində pul, ziyan aktının alınmasına dair ödənilmiş 50 manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar