Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2253/2025 26.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh Zamin iştirakı ilə, İddiaçı cavabdeh Zamin qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin birgə qaydada iddiaçı "Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1893.53 AZN əsas, 1184,96 AZN faiz, 139.12 AZN cərimə olmaqla, cəmi 3217.61 AZN borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3000 AZN məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Hazırda cavabdehlərin banka ödənilməmiş 1893,53 AZN əsas, 1184,96 AZN faiz, 139,12 AZN cərimə olmaqla, cəmi 3217,61 AZN məbləğində borcu qalmaqdadır. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə müştərək qaydada, əsas borc üzrə 1,893,53 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu üzrə 461,47 manat, cərimə borcu üzrə 1,129,68 manat müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 312 manat, cəmi 3,796,68 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Zamin ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 1,893,53 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu üzrə 461,47 manat, cərimə borcu üzrə 1,129,68 manat müqavilənin bitdiyi tarixdən xx.xx.2020ci il tarixinədək gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 312 manat, cəmi 3,796,68 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İİ. Tərəflərin mövqeləri: xx.xx.2025-ci il tarixli ərizədə iddiaçı üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiklərini və İddia tələbini müdafiə etdiklərini bildirmişdilər. Məhkəmə iclasında cavabdeh Zamin iddianı qəbul etməyərək, iddia müddəti keçdiyi üçün zaminliyin ləğv edilməsini xahiş etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -xx.xx.2014-cü il tarixli, 265CNW142870001 saylı Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, "xxxx" ASC-nin Quba filialı tərəfindən 24 ay müddətinə illik 26% dərəcəsi ilə Cavabdeh 3000 AZN manat məbləğində kredit verilmişdir; -xx.xx.2014-cü il tarixli, 265CNNW 142870001/Z saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-dən kredit götürmüş Cavabdeh "xxxx" ASC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür; -Texnikabankın xx.xx.2025-ci il və xx.xx.2018-ci il tarixli məktubu ilə Zamin ödənişlərin vaxtında ödənilməsi ilə bağlı xəbərdalıq edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixinə banka 3076.61. manat məbləğində borcu müəyyən edilir (əsas borc üzrə 1893.26 manat, faiz borcu üzrə 1183.35 manat) -xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqviləsi üzrə xx.xx.2020-ci il tarixə 1,893,53 manat əsas borc üzrə, 461,47 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 1,129,68 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, 312 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 3796,68 manat kredit borcu -Zamin tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim olunmuş ərizəyə əsasən o, mülki işə MM-nin 477.0.4-cü maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. -ölüm haqqında xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2020ci il tarixdə vəfat etmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (münasibətlərin yarandığı dövr üçün, 24mart 2023-cü il tarixli dəyişikliyə qədər): 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli 265CNW142870001 nömrəli kredit müqaviləsinə əsasən Zamin "xxxx" ASC-nin Quba filialı tərəfindən 24 ay müddətinə illik 26% dərəcəsi ilə ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmiş, həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikində kreditin ödəmə müddətləri xx.xx.2014xx.xx.2016-cı il tarixləri göstərilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASCdən kredit götürmüş «Borc alan» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının zaminə qarşı tələb hüququ yaranmışdır. İş üzrə cavabdeh olan Cavabdeh ölüm haqqında xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. MPM-ə uyğun olaraq münasibət hüquq varisliyinə yol verdiyindən cavabdehin hüquqi varisinin müəyyən edilməsi üçün dayandırılmış, lakin təqdim edilmiş sənədlərə və iddiaçının ərizəsinə əsasən hüquqi varis müəyyən edilmədiyindən iddiaçı bank tərəfindən ərizə dəqiqləşdirilərək zaminə münasibətdə iddianın təmin olunması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması dərhal nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Belə ki, mülki qanunvericilikdə zaminlik institutu öhdəliyin təmini üsullarından biri kimi nəzərdə tutulmasına baxmayaraq, zaminin kreditor qarşısında əsas borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öhdəliyin tam icrası müddəti ilə müəyyən edilməmişdir. Mülki Məcəllənin 447-ci maddəsində zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilməsidir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Həmçinin göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır.həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan Texnikabank iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə zaminliyin təmin etdiyi öhdəliyin icrasının bitdiyi vaxtdan təxminən 1 il müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
V. Nəticə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Xəlilova