Məhkəmə qərarları › İş №2(027)-2300/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2300/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2300/2021 11.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M : Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu "xxxx" MMC-nin xeyrinə 936 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC-nin ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumu alınır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor 08.10.2021-ci il tarixdə məhkəmədən Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və ərizənin məhkəməyə verilməsi üçün Dövlət büdcəsinə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu köçürmüşdür. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən (Qanun 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir), qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 (yüz) manat təşkil edir. Lakin iddia ərizəsinin məhz “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunundan əvvəl məhkəməyə təqdim edilməsi barədə heç bir sübut aşkar edilmədiyindən hesab edirəm ki, müraciət edən şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur. Belə ki, kreditor tərəfindən ərizə ilə aiddiyyəti üzrə Quba Rayon Məhkəməsinə müraciət edilən zaman ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Beləliklə hesab edirəm ki, kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizənin qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qəbul olunmasından imtina olunması, yenidən iddia qaldırmağa mane olmur. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar