Məhkəmə qərarları › İş №2(027)-2308/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2308/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2308/2021 17.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 323 (üç yüz iyirmi üç) manat məbləğində vəsait tutularaq İddiaçı (VÖEN: **********, hesab nömrəsi: ********************) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsini X2 iddianı müdafiə edərək, tələbi onunla əsaslandırdı ki, Milli Parkın Quba bölməsi Quba meşəbəyliyi 15 saylı dolayında yoxlama tədbirləri həyata keçirilən ərazidən qanunsuz olaraq vələs cinsindən 36 sm üç ədəd, 48 sm iki ədəd, fıstıq cinsindən 40 sm bir ədəd, 44 sm bir ədəd olmaqla 7 ədəd kök üstə yaş ağacların Quba rayon Tülər kənd sakini Cavabdeh tərəfindən kəsildiyi müəyyən edilmişdir. Qeyd olunan qanun pozuntusu səbəbindən təbiətə dəymiş ziyanın məbləği 323 (üç yüz iyirmi üç) manat məbləğində hesablanmışdır. Cavabdeh barəsində 22.01.2021-ci il tarixli 48567 nömrəli akt və 22.01.2021-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı Quba bölməsinin 22.01.2021-ci il tarixli 48567 nömrəli aktından görünür ki, Cavabdeh Quba meşəbəyliyi 15 saylı dolayından vələs cinsindən 3 ədəd 36 sm, 2 ədəd 48 sm, fıstıq cinsindən 1 ədəd 40 sm bir ədəd, 1 ədəd 44 sm olmaqla, cəmi 7 ədəd kök üstə yaş ağacları qanunsuz olaraq kəsib aparmışdır; Cavabdeh izahatından görünür ki, sonuncu vələs cinsindən 3 ədəd 36 sm, 2 ədəd 48 sm, fıstıq cinsindən 1 ədəd 40 sm bir ədəd, 1 ədəd 44 sm olmaqla, cəmi 7 ədəd kök üstə yaş ağacları qanunsuz olaraq kəsib apardığını təsdiq etmişdir. həcm-qiymət cədvəllərindən görünür ki, 9,90 m3 həcmində oduncağın ümumi qiyməti 323 (üç yüz iyirmi üç) manat hesablanmışdır; inzibati xətalar haqqında 22.01.2021-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Cavabdeh 22.01.2021-ci il tarixdə İddiaçı Quba bölməsi Quba meşəbəyliyi 15 saylı dolayının ərazisindən qanunsuz yolla ümumilikdə 7 ədəd yaş köküstə ağacları kəsməklə İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; inzibati tənbeh vermə haqqında 05.02.2021-ci il tarixli ******* nömrəli qərardan görünür ki, Cavabdeh 22.01.2021-ci il tarixdə İddiaçı Quba bölməsi Quba meşəbəyliyi 15 saylı dolayının ərazisindən qanunsuz yolla meşəqırma bileti olmadan ümumilikdə 7 ədəd yaş köküstə ağacları kəsdiyinə görə İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçına ziyan dəymişdir. Hazırda iddiaçı tərəf 323 (üç yüz iyirmi üç) manat ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 323 (üç yüz iyirmi üç) manat məbləğində vəsait tutularaq İddiaçı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 323 (üç yüz iyirmi üç) manat məbləğində vəsait tutularaq İddiaçı (VÖEN: **********, hesab nömrəsi: ********************) hesabına köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar