Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2310/2021 10.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Quba rayon Tülər kənd sakini Cavabdeh İddiaçına dolayı ilə dövlətə vurmuş olduğu 103,87 (bir yüz üç manat səksən yeddi qəpik) manat məbləğində ziyanın İddiaçı X5 rayonu filialında VÖEN **********, hesab nömrəsi ******************** xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26.04.2021-ci il tarixdə İddiaçı əməkdaşları Milli Parkın Quba bölməsi üzrə direktor müavini X3, Quba meşəbəyliyi 15 saylı dolayı üzrə mühafizə yegeri X4 vermiş olduğu məlumat əsasında yoxlama tədbirləri həyata keçirərkən ərazidən qanunsuz olaraq vələs cinsindən 52 sm-lik 1 (bir) ədəd kök üstə yaş ağacın kəsildiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qanunsuz kəsilmiş ağac Quba rayon Tülər kənd sakini Cavabdeh tərəfindən kəsilərək aparılmışdır. Qeyd olunan qanun pozuntusu səbəbindən təbiətə dəymiş ziyanın məbləği 103,87 (bir yüz üç manat səksən yeddi qəpik) manat məbləğində hesablanmışdır. Fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək sözü gedən vətəndaş barəsində 26.04.2021-ci il tarixli 65610 nömrəli akt və 26.04.2021-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd edilmişdir ki, təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2021-ci il tarixli 636 saylı və 30 sentyabr 2004-cü il tarixli 145 saylı Qərarları ilə təsdiq edilmiş normativlərə əsasən hesablanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba meşəbəyliyi 15 saylı dolayı üzrə mühafizə yegeri X4 İddiaçı direktoruna ünvanladığı məlumatından görünür ki, Quba rayonu, Tülər kənd sakini Cavabdeh 15 saylı dolayının meşə ərazisindən vələs cinsindən 52 sm-lik 1 (bir) ədəd kök üstə yaş ağacı kəsərək aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı Quba bölməsinin 26 aprel 2021-ci il tarixli 65610 saylı aktından görünür ki, İddiaçı Quba meşəbəyliyinin 15 saylı dolayında yoxlama aparılarkən Cavabdeh tərəfindən vələs cinsindən sm-lik 1 (bir) ədəd köküstü yaş ağacın kəsilərək aparılması faktı aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı Quba bölməsinin 26.04.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol və 24.02.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Quba rayon Tülər kənd sakini Cavabdeh İddiaçı Quba bölməsinin Quba meşəbəyliyinin 15 saylı dolayından vələs cinsindən 52 sm-lik 1 (bir) ədəd kök üstə yaş ağacları kəsmiş, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Quba meşəbəyliyinin 15 saylı dolayında 26.04.2021-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə 103,87 manat ziyan hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh İddiaçı Quba meşəbəyliyinin 15 saylı dolayının meşə ərazisindən vələs cinsindən olan 52 sm-lik 1 (bir) kök üstə yaş ağacı kəsərək İddiaçına qanunsuz qırıntıya görə ümumilikdə 103,87 manat məblğində ziyan vurmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh vurmuş olduğu maddi ziyanın əvəzi 103,87 manat məbləğində pul tutularaq İddiaçı X5 rayonu filialında VÖEN **********, hesab nömrəsi ******************** xüsusi hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurmuş olduğu maddi ziyana görə 103,87 (bir yüz üç manat səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı X5 rayonu filialında VÖEN **********, hesab nömrəsi ******************** xüsusi hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2310/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2310/2021
10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver