Məhkəmə qərarları › İş №2(027)-233/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-233/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-233/2024 12.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1528.0 manat əsas, 2580,19 manat faiz borcu olmaqla, cəmi 4108,19 (dörd min yüz səkkiz manat on doqquz qəpik) manat məbləğin və ödənilmiş 61,08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №- li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASCnin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Bayramov Hüseynağa Niftəli oğluna qarşı 4108,19 (dörd min bir yüz səkkiz manat on doqquz qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-FK-QUB-320 saylı təhvil-təslim Aktı əsasında ’’Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Quba filialı ilə Bayramov Hüseynağa Niftəli oğlu arasında bağlanmış 03 aprel 2008-ci il tarixli 125 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Bayramov Hüseynağa Niftəli oğluna 12 ay müddətinə illik 22%-lə 2000,0 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirməli olduğu halda buna əməl olunmamışdır. 03 aprel 2008-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına ödənilməmiş əsas borc 1528.0 manat, laiz borcu 2580.19 manat, cəmi, borc 4108,19 (dörd min bir yüz səkkiz manat on doqquz qəpik) manat təşkil edir. Quba rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2009-cu il tarixli Ölüm haqqında Şəhadətnaməyə əsasən Bayramov Hüseynağa Niftəli oğlu xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının X14 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialına təqdim edilmiş xx.xx.2021-ci il tarixli 14 saylı arayışa əsasən mərhumun ailə üzvləri vərəsələr X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ibarətdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nın nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumar verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №- li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Bayramov Hüseynağa Niftəli oğluna qarşı 4108,19 (dörd min bir yüz səkkiz manat on doqquz qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-FK-QUB-320 saylı təhvil-təslim Aktı əsasında ’’Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Quba filialı ilə Bayramov Hüseynağa Niftəli oğlu arasında bağlanmış 03 aprel 2008-ci il tarixli 125 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Bayramov Hüseynağa Niftəli oğluna 12 ay müddətinə illik 22%lə 2000,0 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il 101s saylı tarixli Sərəncamının icrası ilə əlaqədar Bayramov Hüseynağa Niftəli oğlunun kredit borcu “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına keçmişdir. İş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Bayramov Hüseynağa Niftəli oğlunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1528 manat, faiz borcu 2580 manat, cəmi borcu 4108,19 manat təşkil edir. İş materiallarında olan AZ-İ 342856 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Bayramov Hüseynağa Niftəli oğlu xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 14 nömrəli məktubundan görünür ki, Bayramov Hüseynağa Niftəli oğlunun ailə üzvləri X2, oğlu, X8, qızı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ibarətdir. X2 və oğlu X8 vəfat etmişdir. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Bayramov Hüseynağa Niftəli oğlu vəfat etmişdir və onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur və Bayramov Hüseynağa Niftəli oğlunun banka ödəməli olduğu borc həmin vərəsələrdən tutulmalıdır. Ona görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cborc məbləğinin qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 61,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit alan Bayramov X4 Hüseynağa Niftəli oğlu kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Bayramov Hüseynağa Niftəli oğlu vəfat etdiyindən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mərhumun qanun üzrə vərəsələri təyin edildiyindən borc onlardan tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 1306.1- ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edilən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Bayramov Hüseynağa Niftəli oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 03 aprel 2008-ci il tarixli, 125 saylı kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 1528,0 (bir min beş yüz iyirmi səkkiz) manat əsas və 2580,19 (iki min beş yüz səksən manat on doqquz qəpik) manat məbləğində faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,08 manat pul MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödənilməmiş 1528 (bir min beş yüz iyirmi səkkiz) manat əsas, 2580,19 (iki min beş yüz səksən manat on doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 4108,19 manat (dörd min yüz səkkiz manat on doqquz qəpik), manat habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 61,08 (altmış bir manat səkkiz qəpik) manat məbləğində pul İddiaçı QSC BOKT-nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar