Məhkəmə qərarları › İş №2(027)-2335/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2335/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2335/2024 12.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat və ödədiyi 120 (yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh ilə aralarında uzun müddətdir ki, dostluq, münasibətləri mövcud olmuşdur. O, telefon satışı ilə məşğuldur. Cavabdeh gəlir əldə etmək üçün ondan telefon verməyi xahiş etmiş və ona inanaraq 2023-cü ildə Cavabdeh fəaliyyətini həyata keçirə bilməsi üçün 10000 manat dəyərində “İphone” markalı telefonlar verilmişdir. Cavabdeh telefonları alarkən öz fəaliyyətini həyata keçirib telefonları satdıqdan sonra həmin telefonların dəyərini təşkil edən 10000 manat məbləğində pul vəsaitini ona qaytarmağı vəd etmişdir. Aralarındakı uzunmüddətli dostluq münasibətlərinə əsaslanaraq, Cavabdeh telefonları təhvil verərkən yazılı qaydada müqavilə tərtib etməyə ehtiyac görməmiş, şifahi surətdə müqavilə bağlamışıq Aradan uzun müddət keçmiş, dəfələrlə cavabehdən borc məbləğini qaytarmasını tələb etsə də, o bir neçə ay gözləməyini xahiş etmiş və pulu qaytaracağına söz vermişdir. Lakin cavabdeh yenə də 10000 manat məbləğində pul vəsaitini qaytarmamış və hələ də bundan boyun qaçırmaqdadır. Cavabdeh bu hərəkəti nəticəsində onu çox ağır maddi vəziyyətə salmışdır, həmin məbləğ hesabına o öz həyat keyfiyyətini yüksəldə və fəaliyyətini daha yaxşı şəkildə təşkil edə bilərdi. Cavabdehin heç bir ödəniş etmədiyini və pulu qaytarmaq niyyətinin olmadığını görüb, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o cavabdehə 14 ədəd “İphone pro.” və 2 ədəd başqa model telefon verib, hazırda onun harada oduğunu bilmir, atasının dediyinə görə xaricə getmiş və Belqradda yaşayır. Bəzi məlumatlara görə isə həbs olunduğu deyilir. Cavabdeh onun etibarından sui istifadə edib, hər bir halda polisə müraciət etniş və işə səs yazısı olan disk əlavə etmişdir. İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddia tələbilə bağlı iddiaçı tərəfindən məhkəmənin hesabına 120 (yüz iyirmi) manat rüsum ödənilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satqı barədə razılıq əldə olunmuş, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər müqavilənin predmeti qismində mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malın dəyərini şərtləşdirilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 10000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına əsasən mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Həmin Qərara əsasən başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İş materiallarına əlavə edilmiş audio yazıda cavabdeh telefonların ödənişinə görə iddiaçıya 11 000 manat borcu olduğunu və həmin borcu maddi imkanı olan kimi qaytaracağını bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 10000 (on min) manat tutulmasına dair iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 120 (yüz iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10 000 (on min) manat borc və ödənilmiş 120 (yüz iyirmi) manat, cəmi 10120 (on min yüz iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar