Məhkəmə qərarları › İş №2(027)-2338/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2338/2024

26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2338/2024 26.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləği artırılaraq hər uşağa görə hər ay 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal hazırda 2 övladı ilə birlikdə yaşayır. Hal hazırda iki övladına görə hər ay 18 yaşına çatana kimi hər bir övladı üçün 190 manat aliment alır. Qanunvericiliyə əsasən uşaqlara verilən minimum aliment məbləği artırılaraq hər bir uşaq üçün 235 manat təyin etmişdir. Hal-hazırda komunal xərclərin və ölkədə satılan ərzaq və qeyri ərzaq məhsullarının həddən artıq baha olması onun uşaqlarına görə aldığı alimentlə yaşaması qeyri mümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 601800 nömrəli və AZ-İİİ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(027)- 573/2023 saylı qətnaməsindən görünür ki, 15 iyul 2015 ci il təvəllüdlü X4 və 23 oktyabr 2016 cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 289003 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-01209 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər razılığa gələ bilməmiş, İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 15 mart 2023cü il tarixli, 2(027)-573/2023 saylı qətnaməsinə əsasən 15 iyul 2015 ci il təvəllüdlü X4 və 23 oktyabr 2016 cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(027)-573/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşaların saxlanması üçün 235 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da hər uşaq üçün 250 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(027)- 573/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30,80 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar