Məhkəmə qərarları › İş №2(027)-2351/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2351/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2351/2022 26.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Quba Bakcell MX ofisində “İpone 11 128 Black” markalı mobil telefonun 24/212 saylı kredit satış müqaviləsi üzrə borclu olduğu 1530 manat əsas, 450 manat cərimə borcu olmaqla, ümumilikdə 1980 manat borcun, hüquqi yardım ilə əlaqədar köçürülmüş 110 manat pul vəsaitinin və 40 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Quba Bakcell MX ofisində İddiaçı ilə bağladığı 24/212 saylı kredit satış müqaviləsinə əsasən “İpone 11 128 Black” markalı mobil telefon almış, müqaviləyə əsasən aldığı telefonun dəyərini 12 ay müddətinə - xx.xx.2022-ci il tarixədək ödəməyə dair öhdəlik götürmüşdür. Lakin müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyindən cavabdehin 1530 manat əsas, 450 manat cərimə borcu olmaqla, ümumilikdə 1980 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi üçün göndərilmiş xəbərdarlıq məktubunda 10 gün ərzində ödənilmədiyi təqdirdə borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi və iddia verilməsi ilə əlaqədar çəkilən xərclərin də (dövlət rüsumu, hüquqi yardıma görə Vəkil Bürosuna ödənilən vəsait) ondan tutulacağı bildirilmişdir. Cavabdeh xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə almasına baxmayaraq, kredit satışı üzrə müqavilə öhdəliyini yerinə yetirməmiş, borclu olduğu pulu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli 24/212 saylı kredit satış müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, Quba Bakcell MX ofisində xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 24/212 saylı kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə 400 manat ilkin ödəniş etməklə 2680 manat dəyərində “İpone 11 128 Black” markalı mobil telefon almış və aldığı telefonun dəyərini 12 ay müddətinə hər ay 190 manat olmaqla - xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 10 gün ərzində ödənilmədiyi təqdirdə borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi və iddia verilməsi ilə əlaqədar çəkilən xərclərin də (dövlət rüsumu, hüquqi yardıma görə Vəkil Bürosuna ödənilən vəsait) ondan tutulacağı bildirilmişdir. - 07.09.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Quba Bakcell MX ofisindən 400 manat ilkin ödəniş etməklə 2680 manat dəyərində “İpone 11 128 Black” markalı mobil telefon almışdır. Cavabdeh müqaviləy əsasən hissəhissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borc 1530 manat təşkil etdiyi halda, 450 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə azaldılmalı və 150 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli 24/212 saylı kredit satış müqaviləsi üzrə əsas borc üzrə 1530 manat, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 1680 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı İddiaçı hüquqi yardım almaq üçün vəkil ilə “Hüquqi yardım müqaviləsi” bağlamış və müqavilə üzrə 110 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 110 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 1980 manat manat olduğu, bu tələb 1680 manat məbləğində təmin edildiyi üçün, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 40 manat dövlət rüsumu tərəflər arasında bölünməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 30 manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 24/212 saylı kredit satış müqaviləsi üzrə əsas borc üzrə 1530 manat, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 1680 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 110 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 40 manat məbləğində dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin, 30 manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar