Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2361/2024 24.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh uzaq qohumudur. 2011-ci ildə hərbi xidmətə çağırılan oğlu - X1 xəstəliyinə görə hərbi xidmətdən azad olunması adı ilə Cavabdeh ondan 850 manat pul almışdır. Cavabdeh pulu aldıqdan sonra heç bir iş görməmişdir. O dəfələrlə Cavabdeh işi düzəltmədiyi, heç bir iş görmədiyini deyib və buna görə də sakitçiliklə pulunu qaytarmasını xahiş və tələb etmişdir. Amma bu səylərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmək istəməmiş, ona verməli olduğu pulu ödəməkdən hər vasitə ilə yayınmışdır. Onun törətdiyi əməl barəsində Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis Şöbəsindən ona, müraciətində qeyd olunan xüsusatlar mülki xarekterli olduğu üçün məhkəməyə iddia irəli sürmək hüququ izah olunmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, pulu oğlunun hərbi xidmətlə bağlı məsələsində xəstəliyinə dar sənədləşməyə köməklik məqsədilə vermişdir. Lakin Cavabdeh heç bir iş görməmişdir. O dəfələrlə Cavabdeh pulunu geri istəmiş, lakin ondan pulunu ala bilməmişdir. Hətta polisə onun haqqında məlumat vermiş, polis inspektoru onun həyətinə getmiş və ona verilən məlumata görə Cavabdeh izahat verməmişdir. Deyilənlərin yalan olduğunu demişdir. İddiaçı oğlu Fikrətin şahid qismində dindirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, 2008-2009-cu illərdə onun 18 yaşı olanda hərbi xidmətə çağırılan zaman xəstəliyilə əlaqədar hərbi xidmətə yararsız olduğu üçün atası Tapdıqla danışıb, Tapdıq həm atasının yaxın tanışı, həm də qohumudur. 600 manat pul Bakıda Zərifə Əliyeva adına göz klinikasında Tapdığa verilmiş, qalan pulu ondan atası hissə-hissə, 250, 50 və 70 manat vermişdir. Tapdıq ona sənəd vermiş və həmin sənəd lazimi sənəd olmamışdır. Tapdıq Başqa heç bir köməklik etməmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddanı qəbul etməyərək, izahatında bu məlumatın yalan olduğunu, İddiaçı ona pul vermədiyini, onun ünvanına deyilənlərin şər, böhtan olduğunu bildirmişdir. Cavabdeh sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi təqdim edilməsinə və göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmənin sorğusu əsasında daxil olmuş İddiaçı Cavabdeh qarşı pul tələbinə dair şikayəti üzrə toplanmış materialdan göründüyü kimi, Cavabdeh izahatında İddiaçı şikayətinin əsassız olduğunu aralarında belə söhbətin olmadığını, bu məlumatın yalan olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs kimi cavabdeh vəkalət verən iddiaçının tapşırdığı ilə xidmət icra etməyi öhdəsinə götürmüşdür. Vəkalət verən vəkalət alana muzd ödədiyini bildirsə də, xidmətin yerinə yetirilməsi üçün cavabdehə 850 manat məbləğində pul verməsi ilə bağlı sübut yalnız şahid kimi iddiaçının oğlunun ifadəsidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Qeyd edilən şahidlə iddiaçının ifadələrində pulun məbləğlərlə verilməsi ilə əlaqəli olmayan hallar səsləndirilmişdir. İddiaçı muzdun ödənilməsinə dair hər hansı başqa sübut təqdim etməmişdir. Habelə şahid tapşırığın icrası ilə bağlı sonralar saxlamadığı sənəd verildiyini də təsdiqləmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qaşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2361/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2361/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver