Məhkəmə qərarları › İş №2(027)-2378/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2378/2022

28.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2378/2022 28.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 20 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47 revestr nömrəli Çıxarışa əsasən ona məxsus Quba rayonu, İ-Nügədi kəndində yerləşən 0,1399 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində əkilmiş qələmlərin cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı nümayəndəsi X1 məhkəmədə iştirak edən zaman iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı ərizədə göstərmişdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 20 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, İ-Nügədi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1399 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin ona məxsus olan torpaq sahəsində Cavabdeh qanunsuz şəkildə istifadə edir. Cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz olaraq qələmlər əkmişdir. O, dəfələrlə cavabdehə torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh buna əməl etmir. Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə edərək özü üçün gəlir götürür. O haqqı olan torpaq sahəsindən istifadə edə bilmir. Hazırda ona məxsus torpaq sahəsini cavabdeh zəbt etmişdir. Cavabdehi torpaq sahəsindən çıxarda bilmədiyi üçün məhkəməyə müraciət elmək məcburiyyətində qalaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 20 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47 revestr nömrəli Çıxarışa əsasən ona məxsus Quba rayonu, İ-Nügədi kəndində yerləşən 0,1399 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində əkilmiş qələmlərin cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən heç bir torpaq sahəsi zəbt edilməyib. Torpağı iddiaçının atası Tofiq Ağabalayev satıb və həmin torpaqları Əzim Əbdülrəhimov alqı-satqı yolu ilə əldə edib. Onu bağa baxan təyin ediblər. O, da həm bağa baxıb, həm orda qələm əkib. Bu vaxta kimi də heç bir tələb olmayıb. Əzim Əbdülrəhimov 18 aydır ki, rəhmətə gedib, övladları durur. Sonradan iddiaçı üzə çıxıb. Ona qarşı verilən iddia əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, İ- Nügədi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 0,1399 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına Dövlət reyestrində 363 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 699185 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X1 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixində Quba rayonu, Qeydiyyat şöbəsində nikah bağlanmış, nikah haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixində 453 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AN 779679 seriya və nömrəli Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətinə əsasən torpağın hüquq sahibi İddiaçıdır. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh tərəf Cavabdeh iddianı qəbul etməyərək, onun tərəfindən heç bir torpaq sahəsinin zəbt edilmədiyini, həmin torpaq sahəsinin alqı-satqı ilə alındığını, onun həmin bağa baxdığını qeyd edərək, ona qarşı verilmiş iddianın rədd edilməsini xahiş edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: İddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir, ilk növbədə məhkəmə iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olubolmamasını, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********47 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,1399 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində əkilmiş qələmlər Cavabdeh hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********47 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,1399 ha torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsində əkilmiş qələmlər Cavabdeh hesabına çıxarılsın və torpaq sahəsi boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar