Məhkəmə qərarları › İş №2(027)-2381/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2381/2024

13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2381/2024 13.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 540/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahlarından olan 08 mart 2014-cü il təvəllüdlü X6 və 01 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaqa üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyim pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 iyul 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 08 mart 2014-cü il təvəllüdlü X9 və 01 yanvar 2018-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Quba Rayon Məhkəməsinin 2(027)-540/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikah pozulan zaman birgə nikahlarından olan 08 mart 2014-cü il təvəllüdlü X9 və 01 yanvar 2018ci il təvəllüdlü X7 onun yanında saxlanılmış, saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. Belə ki, cavabdehlə birgə nikahdan doğulmuş övladlarımız məktəblidirlər. Ehtiyacları günü-gündən artır. Uşaqların təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşaqların digər tələbatlarını ödəməyə çalışsam da, bu məsələdə çox çətinlik çəkir. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən mənə ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarımızın qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş, ona 06 sentyabr 2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmətə teleqramla müraciət edərək, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəyə teleqramla müraciət edərək, hər uşağa 170-180 manat aliment ödəməyə imkanı çatdığını və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-540/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulan zaman birgə nikahlarından olan 08 mart 2014-cü il təvəllüdlü X9 və 01 yanvar 2018-ci il təvəllüdlü X1 Çimnaz Əlyar qızının yanında qalmaları müəyyən olunmuş, birgə nikahdan olan uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, tərəflərin nikahından 08 mart 2014-cü il təvəllüdlü X9 və 01 yanvar 2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan X2 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-01319 saylı arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait X3 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 2(027)-540/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatlarının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay hər uşağın saxlanılması üçün 300 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı hər uşağın aylıq xərcinin 300 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsini, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşaq üçün 210 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı həmçinin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqının iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-540/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 08 mart 2014-cü il təvəllüdlü X9 və 01 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər uşağa görə hər ay 210 (iki yüz on) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar