Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-244/2022 26.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 1616,75 manat əsas borc, 83,35 manat məbləğində faiz borcu, 340,80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2040,90 manat kredit borcunun və 41 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış 24 aprel 2019-cu il tarixli BAKU2-34521-16406 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 24 aprel 2019-cu il tarixli BAKU2-34521- 16406 saylı Razılaşmaya əsasən, ikinciyə 21% faizlə 24 ay müddətinə 5 000,00 (beş min) manat məbləğində kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 ilə 24 aprel 2019cu il tarixli BAKU2-34521-16406+BAKU1-38918 saylı Zaminlik müqaviləsi imzalanmışdır. 07 oktyabr 2020-ci il tarixdə imzalanmış Sazişə əsasən verilmiş kreditin ödənilməmiş 3 937.65 (üç min doqquz yüz otuz yeddi manat 65 qəpik) manat təşkil edən hissəsinin qaytarılması illik 21% faizlə hesablanmaqla, kreditin qaytarılmasının son tarixi 24.09.2021ci il təyin edilmişdir. Borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 17 noyabr 2021-ci il tarixinədək verilmiş kredit üzrə 1.616,75 manat əsas borc, 83,35 manat məbləğində faiz borcu, 340.80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.040,90 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Eldarov Rəşad Elşad oğlu məhkəməyə ərizə göndərərək, məhkəmə prosesinin İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-cü maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 24.04.2019-cu il tarixli, BAKU2-34521-16406 saylı Kredit Müqaviləsindən və onun tərkib hissəsi olan 24 aprel 2019-cu il tarixli BAKU2-34521- 16406 saylı Razılaşmadan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 21% ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. - 24.04.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətindən kredit götürmüş «Borc alan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. - BAKU2-34521-16406 saylı Razılaşmaya dəyişiklik edilməsinə dair 07.10.2020-ci il tarixli, sazişdən görünür ki, kredit müqaviləsinə əsasən “Kredit alan”a illik 21% faizlə 24 ay müddətinə 5000 manat məbləğində verilmiş kreditin ödənilməmiş 3937,65 manat təşkil edən hissəsinin qaytarılması illik 21%-lə hesablanmış, kreditin son ödəniş tarixi 24.09.2021-ci il hesab edilmişdir. -Xəbəradrlıq məktubundan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - maliyyə arayışından görünür ki, Cavabdeh1 BAKU2-34521-16406 saylı saylı kredit müqviləsi üzrə 17.11.2021-ci il tarixindək 1616,75 manat əsas, 83,35 manat faiz, 340,80 manat cərimə olmaqla, cəmi borcu 2040.90 manat təşkil edir. -17.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 41,00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Bu baxımdan, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 1616,75 manat və faiz borcun 83,35 manat məbləğində müəyyən olunduğu halda cavabdehlər tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 340,80 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 162 manat müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 41 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1616.75 (bir min altı yüz on altı manat yetmiş beş qəpik) manat əsas, 83.35 (səksən üç manat otuz beş qəpik) manat faiz, 162 (bir yüz almiş iki) manat cərimə olmaqla, cəmi 1862,10 (bir min səkkiz yüz altmış iki manat on qəpik) manat məbləğində pul və 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-244/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-244/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver