Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2447/2024 18.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus avtomaşına dəymiş 583 (beş yüz səksən üç) manat ziyan məbləğinin, ziyan aktının yazılmasına görə xərclədiyi 30 manat və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Barlı qəsəbəsində yaşayır. “VAZ- 21099” minik markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın ona məxsusdur. Cavabdeh həmkəndlisidir, onunla aralarında heç bir ədavət olmamış, həmkəndçi kimi normal münasibəti olmuşdur. O, 06 sentyabr 2024-cü il tarixdə, saat 19-30 radələrində özünə məxsus “VAZ-21099” minik markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə Quba-Xaçmaz yolunun yaşadığı Barlı kəndi ərazisində hərəkət edərkən həmləndlisi - Cavabdeh nəzarətsiz saxladığı inək qəflətən idarə etdiyi avtomaşının qabağına çıxmış və nəticədə avtomaşınımın qabaq hissələri - ön sağ qanad, faralar, radiator barmaqlığı, fara lampaları, ön bamper zədələnərək sıradan çıxmışdır. Hadisə baş verən vaxt Cavabdeh ona məxsus inəyi nəzarətsiz buraxdığına görə hadisənin baş verməsini etiraf etmiş və bildirmişdir ki, inək ona məxsusdur, lakin cərimə, ziyan ödəməyə razı deyildir. Yol nəqliyyat hadisəsi Cavabdeh barəsində inzibati xəta haqqında İXP ******* saylı protokol və onun əsasında TP ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati xəta haqqında qərarla cavabdehin törətdiyi əməl nəticəsində ona məxsus maşına ziyan dəyməsi öz təsdiqini tapmışdır. O, avtomobilinin təmirinə alınan ehtiyat hissələrinə, materiallara və təmir işlərinin görülməsinə görə zəhmət haqqı olaraq ümumilikdə 583 manat məbləğində pul xərcləmişdir. Bu barədə ziyan aktı tərtib edilmişdir, həmin aktın tərtib olunmasına 30 manat ödəmişdir. Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsi üçün müraciət etsə də, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının idarə etdiyi avtomobilin sürəti çox olmuşdur. Ona görə də yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı istəsəydi hadisənin baş verməməsi üçün tədbir görə bilərdi. Onun da inəyidə baş vermiş hadisə zamanı xəsarət almışdır. Onun müalicəsi üçün müəyyən vəsait xərcləmişdir. Oda, iddiaçıdan həmin vəsaiti tələb edir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, “VAZ- 21099” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, avtomaşına baxış keçirilərkən həmin avtomaşına toqquşma nəticəsində 583 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan İnzibati Tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh oğlu İXP ******* №li protokol üzrə Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 06 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində Cavabdeh məxsus 1 baş inək İddiaçı idarə etdiyi “VAZ- 21099” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşının yoluna çıxmaqla toqquşma baş vermiş və nəticədə avtomaşın əzilməklə İddiaçı maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində “VAZ- 21099” minik markalı, **-BV-*** markalı avtomobilə dəyən maddi ziyan cəmi 583 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, İddiaçı iddia tələbində ziyan aktının alınması üçün ödədiyi 30 manat məbləğində pul ödədiyi qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 583 (beş yüz səksən üç) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 583 (beş yüz səksən üç) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2447/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2447/2024
18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver