Məhkəmə qərarları › İş №2(027)-2449/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2449/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2449/2024 25.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1530 (min beş yüz otuz) manat və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Həsənqala kəndində yaşayır. Özünə məxsus təsərrüfatda meyvə ağacları olan bağı var. Bağın bir hissəsində gilas ağacları əkmişdir. Cavabdeh və ortağı Quba rayonu İqriq kənd sakini Əsəd adlı şəxslə birikdə kənddə gilas alveri edir. Kənddə yığılan meyvəni əvvəlcədən razılaşdıqları qaydada günün sonunda gəlib pulu ödəyib yükü götürüb gedir. Pulu bəzən yerində, bəzən də bir neçə gün sonra ödəyir. 2023-cü ilin iyun ayının 25-də yenə də həmişəki kimi ona meyvə yığmaq üçün “korzinka” verərək axşam yığılan meyvəni götürəcəyini deyib gedir. O, da 5 nəfər fəhlə ilə birlikdə həmin günün sonunda 1830 (min səkkiz yüz otuz) manatlıq gilas yığmışlar. Günün sonunda təxminən saat 22:00, 23:00 radələrində Elmar onun həyətinə gələrək yığılan meyvəni maşına yükləməyə başlamışdır. Yükü yığıb qurtarandan sonra fəhlələrə verilməli olan 300 (üç yüz) manat pulu ödəmişdir. Qalan 1530 (min beş yüz otuz) manatı isə ən qısa vaxtda verəcəyini bildirmişdir. O, buna razı olmaq istəməsədə artıq yük maşına yüklənmişdi. Buna görə də məcbur olub razılaşmışdır. Bir neçə gün əvvəl də ondan 500 (beş yüz) manatlıq gilas almış, pulu nağd ödəmişdir. Bir növ onu inandıra bilmişdir. Bundan sonra dəfələrlə ona məxsus (055) ***-**-** və (077) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq ona verməli olduğu məbləği ondan tələb etmişdir. Hər dəfə də müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Borcunu etiraf edir. Lakin üzərindən 1 ildən çox keçməsinə baxmayaraq heç bir məbləğdə ödəniş etmir, boyun qaçırır. O, Elmarla əlaqə saxlayan zaman ona verməli pulu vermədiyi üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyimi bildirsə də, bu heç nəyi dəyişməyib. Məcburiyyət qarşısında qalaraq Qusar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qusar rayon Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Polis şöbəsindən ona şifahi olaraq bildirilmişdir ki, Cavabdeh izahatında borcunu etiraf etmişdir. Qusar rayon Polis Şöbəsindən ona verilən rəsmi cavabda müraciətinin araşdırıldığı və məhkəməyə mülki iddia qaydasında müraciət etməli olduğu qeyd olunmuşdur. Ona olan borcu başqa şəkildə ala bilməyəcəyindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müarciət etmək məcburiyyətində qalmışır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayonu İHB-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Qusar rayonu, Həsənqala kənd sakinidir və həmin kənddə yaşayır. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Qusar rayon Polis şöbəsinə ünvanlandığı müraciətin mülki xarakterli olduğundan, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmin araşdırma çərçivəsində Qusar RPŞ İTB-nin polis sahə rəisi N.Məmmədlinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, Elmar adlı şəxslə əlaqə saxlandığı və yaxın tarixdə 1530 manat borcunu ödəyəcəyinə spz verdiyi qeyd olumuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddia tələbilə bağlı iddiaçı tərəfindən məhkəmənin hesabına 35 (otuz beş) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satqı barədə razılıq əldə olunmuş, müqaviləsi bağlanılmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər müqavilənin predmeti qismində mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malın dəyərini şərtləşdirilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişləri vaxtlıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 1530 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia tələbi ilə 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1530 (min beş yüz otuz) manat və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumu, cəmi 1565 (min beş yüz altmış beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar