Məhkəmə qərarları › İş №2(027)-2450/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2450/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2450/2024 25.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Həsənqala kəndində yaşayır. Özünə məxsus təsərrüfatda meyvə ağacları olan bağı var. Bağın bir hissəsində gilas ağacları əkmişdir. Cavabdeh və ortağı Quba rayonu İqriq kənd sakini Əsəd adlı şəxslə onun yaşadığı kənddə gilas alveri edir. Əvvəlcədən də onunla gilas alış-verişi olub bu şəxslərin. Kənddə yığılan meyvəni əvvəlcədən razılaşdığı qaydada günün sonunda gəlib pulu ödəyib yükü götürüb gedir. Pulu bəzən yerində, bəzən də bir neçə gün sonra ödəyir. 2023-cü ilin iyun ayında həmişəki kimi ona meyvə yığmaq üçün “korzinka” verərək axşam yığılan meyvəni götürəcəyini deyib gedir. Bundan əvvəl də onunla alış-veriş edib. Aralarında təxminən 7-8 min manatlıq gilas alış-verişi olub. Hər gilas alan zaman puldan müəyyən qədər ödəniş etmişdir. Lakin ümumilikdə 3500 (üç min beş yüz) manatlıq borc pulu sonra ödəyəcəyini bildirmişdir. O, buna razı olmaq istəməsə də artıq yük maşına yüklənmişdi. Buna görə də naəlac qalıb razılaşdır. Həm də bundan əvvəl də ondan meyvə alıb pulunu sonradan ödəmişdir. Ancaq bundan sonra daha onunla alveri olmamışdır. Çünki üzərində olan borcunu ödəməkdən yaynır. Bundan sonra dəfələrlə ona məxsus (055) ***-**-** və (077) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq ona verməli olduğu məbləği ondan tələb etmişdir. Hər dəfə də müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Borcunu etiraf edir. Lakin üzərindən 1 ildən çox keçməsinə baxmayaraq heç bir məbləğdə ödəniş etmir, boyun qaçırır. O, Elmarla əlaqə saxlayan zaman ona verməli pulu vermədiyi üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyimi bildirsə də, bu heç nəyi dəyişməyib. Məcburiyyət qarşısında qalaraq Qusar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qusar rayon Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Polis şöbəsindən ona şifahi olaraq bildirilmişdir ki, Cavabdeh izahatında borcunu etiraf etmişdir. Qusar rayon Polis Şöbəsindən ona verilən rəsmi cavabda müraciətinin araşdırıldığı və məhkəməyə mülki iddia qaydasında müraciət etməli olduğu qeyd olunmuşdur. Ona olan borcu başqa şəkildə ala bilməyəcəyindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müarciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh Qusar RPŞ-nə verdiyi izahatdan görünür ki, Cavabdeh İddiaçı 3500 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. 0Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı nisyə alqı-satqı əsasında 3500 manat dəyərində gilas almış və həmin gilasın dəyərini iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh həmin 3500 manat pulu iddiaçıya verməyərək, iddiaçıya 3500 manat məbləğdə ziyan vurmuş və iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin cavabdeh Qusar RPŞ-də verdiyi izahatında İddiaçı 3500 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. İddiaçı hazırki iddianın qaldırılması üçün 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsindən yaranmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Cavabdeh vurduğu zərər olaraq 3500 manat alınaraq, İddiaçı verilməli və iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh vurduğu zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 55 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurduğu zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 55 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar