Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-249/2023 27.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödəməli olduğu 20000 (iyirmi min) manat və 150 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşqul olur. Cavabdehi tanısa da, münasibətləri olmamışdır. 2018-ci ilin may ayında cavabdeh onların kəndinə gələrək kənd sakinlərinə onların yaşadığı evin qarşısında yerləşən pay torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, cavabdehdən həmin torpaq sahəsini neçəyə satmaq istədiyini soruşduqda o, ona qardaşı Nofəlin adına olan həmin 0.32 ha torpaq sahəsini 4000 manata satmaq istədiyini bildirmişdir. Cavabdeh həmçinin ona demişdir ki, həmin torpaq sahəsində ev tikmək üçün sənəd də alacaq və bunun üçün cavabdeh ondan əlavə 7000 min manat pul da istəmişdir. O, cavabdehlə razılaşmış, sonradan cavabdeh ona demiş ki, Nofəlin torpaq sahəsinin yaxınlığında olan digər qardaşı Mailin 0.96 ha torpaq sahəsini 9000 manata satmaq istəyir. O, cavabdehlə razılaşmış, 6 ay ərzində cavabdeh yaşadığı evdə atası Vaqifin, anası Əsməgülün yanında ümumilikdə 20000 manat pulu cavabdehə vermişdir. Həmin vaxtdan sonra iki il o, həmin torpaqdan istifadə etmişdir. Lakin hər dəfə o, sahədə tərəvəz əkəndə cavabdehin qardaşı Mayıl onun yanına gəlib onun sahəsinə girdiyini bildirmişdir. Birdə ona həmin torpaq sahəsindən istifadə etməməyi bildirmişdir. O da, demiş ki, “bu torpaq sahəsini sənin qardaşın Sənandan almış pulu da sənin ailənin yanında vermişəm bunu bilirsən.” Ona demiş ki, get Sənanla məsələni həll elə, oda bu barədə cavabdehə bildirən də, cavabdeh demiş ki, “narahat olma qardaşımla aramda inciklik var həmin torpaq sənindir yaxında sənədlərinizi verəcəm.” Yenə də, 2021-ci ildə cavabdehin qardaşı onu torpaq sahəsinə girməyinə mane olmuşdur. Sonra görmüş ki, cavabdeh həmkəndlisi Elnur adlı şəxsə həmin torpaq sahəsini icarəyə verib orada taxıl əkiblər. O, cavabdehə niyə belə etdiyini dedikdə cavabdeh ona “narahat olma elə belə vermişəm.” O, cavabdehə verdiyi 20000 manatı geri istəmiş, çünki, maraqlanmış ki, cavabdeh ailə üzvlərinə pul verməyib deyə ailə üzvləri razılıq vermirlər. Cavabdeh ona pulu qaytarmayanda o, Daxili İşlər Nazirliyinin 102 xidmətinin qaynar xəttinə müraciət etmişdir. Cavabdeh Quba rayon Polis Şöbəsində izahat verərək bildirmişdir ki, ondan həmin torpaq sahəsinə görə 20000 (iyirmi min) manat almış və həmin pulu tək öz ehtiyaclarına xərcləmişdir. Lakin cavabdeh hələdə ona olan 20000 (iyirmi min) manatı qaytarmamışdır. Cavabdeh hələ də ona olan borcunu ödəməkdən yayınır. Hər dəfə müxtəlif bəhanələr gətirir. Ona olan borcunu ödəməkdən yayınır. Cavabdeh ona vurduğu ziyanı yəni 20000 (iyirmi min ) manatı borclu olduğu pulu qaytarmalıdır. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul və etiraf edərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçıya 20.000 manat məbləğində pul verməli olduğunu və həmin borcu 2023-cü ilin avqust ayının sonuna kimi öz torpağını sataraq verəcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin İB-nin müstəntiqi polis mayoru X1 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşin mübahisəsiz halı onda ibarətdir ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 20.000 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməsi ilə iddia tələbinin əsaslı olması sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanun normalarının tələbinə görə borc verən şəxs, borc alan onun aldığı pulu qaytarmadıqda, bununla onun hesabına əsassız varlanıb, ona zərər vurduqda, həmin zərərin, həmçinin onun pul vəsaitini qanunsuz saxladıqda, onu qaytarmaqdan boyun qaçırdıqda, onun ödənilməsini digər şəkildə gecikdirdikdə, pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandıqda, qanunda nəzərdə tutulmuş halda və məbləğdə faizləri borcludan tələb edə bilər. Bu tələb hüququ öhdəliklərin yaranması üçün əsas olan müqavilədən, digər öhdəlik əsaslarından, həmçinin öhdəliklərlə bağlı ümumi hüquqi prinsip olan pacta sund vervanda (öhdəliklər yerinə yetirilməlidir) prinsipindən irəli gəlir. Təbii ki, qanuna görə bu tələbin əsaslılığını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşür. Qanun normasının mənasına görə iddiaçı cavabdehin ondan aldığı borcu qaytarmadığı şəraitdə, onun hesabına əsassız varlanmaqla ona tələb edilən məbləğdə maddi zərər yetirməsini, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmasını, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olmasını və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh iddiaçının hesabına heç bir qanuni və müqavilə əsası olmadan varlanmışdır. Ona görə də, cavabdehdən 20.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-249/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-249/2023
27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver