Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2490/2021 15.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun ekran şüşəsini sındıraraq işlək vəziyyətdə olmadığına görə onun 1346,03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh Quba rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli, 2(027)- 56/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 21.01.2020-ci il tarixdə şöbənin böyük icra məmurunun və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə elektron nəzarət vasitəsi tətbiq edilərək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji paylayıcı kabeli, bir ədəd sadə elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü məhkum, hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh Quba rayon İcra və Probasiya gəldiyi zaman mobil nəzarət qurğusuna baxış keçirilmişdir. Baxış zamanı mobil nəzarət qurğusunun ekran şüşəsinin sındığı müəyyən olunmuşdur. Cavabdeh izahatında ağaca çıxan zaman mobil qurğunun cibindən düşdüyünü və ekranın sındığını bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun ekranı sınmış və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun qiyməti 1346,03 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsədə ödəməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin yerinə yetirilməsi qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh quraşdırılaraq təhvil verilmiş elektron qolbağın ekran şüşəsinin sınması nəticəsində maddi ziyan dəymiş, dəyən maddi ziyan cəmi 1346,03 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tətbiq edilmiş elektron qolbağın ekran şüşəsinin sınaraq işlək vəziyyətdə olmadığına görə Cavabdeh 1346,03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tətbiq edilmiş elektron qolbağın ekran şüşəsinin sınaraq işlək vəziyyətdə olmadığına görə Cavabdeh 1346,03 manat məbləğində vəsait alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2490/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2490/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver