Məhkəmə qərarları › İş №2(027)-2545/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2545/2025

15.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2545/2025 15.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri 32-33-cü kvartalda yerləşən onun mülkiyyətində olan 0.04 ha torpaq sahəsində hasarın tikilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması, ödədiyi 100 manat dövlət rüsumunun, hüquqi yardımla bağlı Quba rayon Vəkil bürosunun hesabına ödənilmiş 330 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, bacısı Cavabdeh Saumyan qızının daimi yaşayış yeri Rusiya Federasiyası olduğundan sonuncu 2004-2005-ci ildə ona pul göndərəcəyini, ona torpaq sahəsi alıb həmin torpaqda ev tikməsini təklif etmiş, o da razılaşmış və bacısının göndərdiyi pullarla ona ev almışdır. Bir müddət sonra aldığı evi sökərək yerində yeni ev inşa etdirmişdir. Bacısına aldığı evin qonşuluğunda həmin torpağa bitişik 0.04 ha bələdiyyə torpagı 2014-cü ildə satışa çıxarılmışdır. O da Quba şəhər bələdiyyəsindən xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qonşuluqda yerləşən 0.04 ha torpaq sahəsini almışdır. Qeyd olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış verilmisdir. Həmin torpaq sahəsində özünə mağaza insa etmişdir 2025-ci ilin iyun ayında cavabdeh ilə aralarında sonuncunun ona verdiyi pula və özünə aldığı torpaq sahəsinə görə mübahisə yaranmışdır. Cavabdeh ona “mən sənə o vaxt ev almağa pul vermişdim, ona görə də bu torpaq sahəsi mənim torpaq sahəmə bitişik olduğundan və torpaq sahələrinin arasında hasar tikilmədiyindən o da mənə məxsusdur” demişdir. Cavabdehin dedikləri doğru deyil və heç bir sənədə və hüquqi fakta əsaslanmır. Belə ki, o, bacısına yasayış evini 2005-ci ildə, özünə isə torpaq sahəsini 9 il sonra, 2014-cü ildə qanuni əsaslarla əldə etmişdir. Hazırda o, cavabdeh ilə özünə məxsus olan torpaq sahələri arasında, yəni sərhədində hasar insa etmək istəyir və cavabdeh də ona hasarı inşa etməyə maneələr yaradır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı bacısı Cavabdeh üçün həyət evi tikmiş və əlavə olaraq pul vermişdir. İddiaçı özü üçün sonradan mübahisəli torpaq sahəsini bələdiyyədən almış və həmin torpaq sahəsində tikili inşa etmişdir. Hazırda da həmin torpaq sahəsini hasara almaq istəyir, lakin cavabdeh buna maneə törədərək, mübahisəli torpağın özünə məxsus olmasını bildirir və hasarın salınmasına imkan vermir. Habuki sözügdən torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Sonda iddiaçının nümayəndəsi iddianın iddia tələbinin dövlət rüsumunun və vəkil xərcinə görə vəsaitin tutulması hissəsindən imtina edərək, iddianı qalan hissədə təmin edilməsini xahiş etdi. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə verərək, iddia tələbinin dövlət rüsumunun və vəkil xərcinə görə vəsaitin tutulması hissəsindən imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsi qardaşı İddiaçı mülkiyyəti kimi adına qeydiyyata alınsa da, torpaq sahəsi və fərdi yaşayış evi onu məxsusdur. Qardaşı İddiaçı oglu onu va yoldaşını aldadaraq onların verdiyi pullarla ev və torpaq almış, əmlakları öz adına rəsmiləşdirmiş, onlar ölkəyə döndüyü zaman bütün əmlakı onun adına keçirəcəyinə əmin etmisdir. Qardaşı ondan vaxtaşırı pul alaraq öz adına aldığı torpaq sahəsində olan tikilini (evi) söküb yerinə yeni ev tikmisdir. Onların etibarından sui-istifadə edərək evi və torpagı onun adına keçirməkdən yayınmışdır. Mübahisələndirilən torpaq sahəsi onun evin yerləşdirdiyi sahəyə bitişik va eyni hasarın içindədir. Qardaşı ona dayaq olacaq kimsənin olmadığından istifadə edərək həmin torpaq sahəsini mənimsəmişdir. O, hazırda qayınanasına məxsus və ya bacılarına məxsus evdə qalır. Qardaşı Mübariz onun külli miqdarda pulunu mənimsədiyinə görə barəsində prokurorluq va digər orqanlara müraciət etmişdir. Hazırda onun barəsində istintaq davam edir. İstintaq davam etməsinə baxmayaraq, İddiaçı Saumyan oglu həmin torpaq sahəsində tikinti işləri görməyə davam edir. Özü üçün fərdi yasayış evinə bitişik torpaq sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün tikili tikir. Həmin əmlakların ona məxsusdur. Qardaşı onun pulları ilə aldığı torpaq sahəsində qanunsuz olaraq tikili tikərək onun hüquqlarını pozur. Həmçinin evi həmin torpaq sahəsinə bitişik olduğundan orada hasar tikilərsə, hazırda yasadığı evə girişçıxış yolu tamamilə bağlanacaqdır və o, öz evinə daxil ola bilməyəvəkdir, çünki orada girişçıxış üçün başqa yol yoxdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: AN-İ № ******* nömrəli, xx.xx.2014-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” alqısatqı müqaviləsindən görünür ki, Quba bələdiyyəsi tərəfindən bələdiyyənin mülkiyyətində olan Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı satılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin **********92 reyestr nömrəli çıxarışının surətindən görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mülkiyyətində Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi vardır. İddiaçı özünə məxsus torpaq sahəsini ayırmaq üçün hasar inşa etmək istəyir. Lakin Cavabdeh mübahisəli torpaq sahəsinin ona məxsus olmasını iddia edərək, iddiaçı tərəfindən hasarın inşa edilməsinə maneələr törədir. Bu hal iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olur. Ona görə də, iddiaçı cavabdeh tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə dair yaranmış maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etsə də, mötəbər sübut alqı-satqı müqaviləsindən və çıxarışdan göründüyü kimi İddiaçı Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsin xx.xx.2014-cü il tarixdə Quba bələdiyyəsindən almış və həmin torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə də iddiaçıya məxsus torpaq sahəsindən onun sərbəst istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradıldığı məhkəmədə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Konstitutsiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək və tərəfləri dinləyərək, belə nəticəyə gəlir ki, cavabdeh öz hərəkətləri ilə iddiaçıların mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır və buna görə iddia əsaslı olduğuna görə təmin edilməli, Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri 32-33-cü kvartalda yerləşən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsində hasarın tikilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri 32-33-cü kvartalda yerləşən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsində hasarın tikilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar