Məhkəmə qərarları › İş №2(027)-2553/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2553/2022

22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2553/2022 22.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbitətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı təbitətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 248.64 (iki yüz qırx səkkiz manat, altmış dörd qəpik) manat məbləğin Cavabdeh tərəfindən 5 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu Amsar kəndi ərazisində Cavabdeh tərəfindən “X2” Azərbaycan Respublikası qanununun tələblərinə zidd olaraq 5,18 m3 həcmində kömür basmasının əldə olunaraq daşınması faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “X2” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin 29 mart 2020-ci tarixli, 119 saylı qərarı ilə ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onur tərəfindən təbiətə dəymiş ziyana görə 248.64 (iki yüz qırx səkkiz manat, altmış dörd qəpik) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəlini Cavabdeh xx.xx.2022-ci İ tarixli, Ç-İM/4422-051-1154 saylı məktubu şəxsən özü qəbul etsədə, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və göstərmişdir ki, 24 iyun 2022-ci il tarixdə cavabdehin idarə etdiyi maşında 300 kisə kömür daşıması aşkarlanmış və bunula da təbiətə 248,60 manat ziyan dəymişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsində qaldırdığı iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, ağac kəsməmiş, bazardan kömür alıb baha qiymətə satmaq üçün Bakı şəhərinə aparırdı. İdarə etdiyi maşın özünündür. İddianı tam əsassız hesab edərək, təmin olunmamasını xahiş edir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli, 67973 №-li aktdan görünür ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Quba rayonunda aparılan redlər zamanı rayonun Amsar kəndi ərazisində “Mitsubisi” markalı ** JN *** dövlət nömrə nişanlı yük avtomobili ilə qanunsuz kömür əldə olunaraq daşınması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun normasının tələbinə görə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu qanun normasında söhbət tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki məhkəmə icraatında tərəfləri sübut etmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı cavabdeh tərəfindən təbiətə 248,64 manat məbləğində ziyan vurulması tələbini irəli sürsə də, bu ziyanın Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu ziyan arasında səbəbli əlaqənin olması və ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. (Həmçinin iş üzrə cavabdehi inzibati məsuliyyətə cəlb olunması barədə hər hansı bir protokol tərtib olunmamışdır.) Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə iddiaçı tərəfindən qeyd edilən halı aradan qaldıran, yəni cavabdehin meşə qanunvericiliyinin pozulmasında təqsirli olmasını və bununla da onun təbiətə 248,64 manat məbləğində ziyan vurmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallaranı araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbitətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar