Məhkəmə qərarları › İş №2(027)-2646/2025

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-2646/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2646/2025 27.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Əlheydər qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlheydər qızından 7820 (yeddi min səkkiz yüz iyirmi) manat borc pulun və ödədiyi 99 (doxsan doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun yaxın tanışıdır, 2023-cü ilin fevral ayında ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 350 manat borc pul istəmiş, 26 fevral 2023-cü il tarixində yaxın münasibətdə olduğu üçün ona üzərində olan 320 manat pulu borc vermişdi, bundan sonra cavabdeh 2023-cü ilin mart ayında yenidən ondan 1000 manat borc istəmişdi. O, 20 mart 2023-cü ildə cavabdehə 1000 manat borc pul vermiş, bundan sonra 14 aprel 2023-cü il tarixində yenidən 1500 manat borc istəmiş, o cavabdehə həmən pulu vermiş və daha sonra 10 iyun 2023-cü il tarixində yenidən ona yaxınlaşaraq 2000 manat borc pul istədiyini və tezliklə qaytaracağını bildirmişdi. 10 iyun 2023- cü il tarixində ona həmən pulu vermiş, 15 iyul 2023-cü il tarixində yenidən 3000 manat məbləğində borc istəmiş və o pulu cavabdehə vermişdi. Cavabdeh borc pul məbləğini yaxın zamanda ona qaytaracağını bildirmişdi. Lakin artıq uzun müddət keçməsinə baxmayaraq cavabdeh aldığı 7820 manat borc pulu hələ də qaytarmamışdı. Cavabdehin imzaladağı borc iltizamlarından da görünür ki, cavabdeh ondan ümumilikdə 7820 manat borc pul aldığını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİ. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, cavabdehin iclaslarda iştirak etmədiyini, səbəbləri barədə məhkəməyə məlumat verilmədiyini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Əlheydər qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavadehlə telefon vasitəsilə əlaqə saxlanılan zaman sonuncu maddi imkanı olmadığından borcunu qaytara bilmədiyini qeyd etmişdir. İİİ. İşin faktiki halları: Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qiyabi qətnamə əsasında təmin edilməlidir. İş materiallarında olan əlyazma qəbzlərdən görünür ki, Qədirova X1 Zahidə Baba qızından xx.xx.2023-cü il tarixli qəbzə əsasən 320 (üç yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1000 (min) manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1500 (min beş yüz) manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 2000 (üç yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 3000 (üç min) manat, cəmi 7820 (yeddi min səkkiz yüz iyirmi) manat borc pul götürdüyünü, tez bir zamanda qaytaracağına söz vermiş və qəbzləri imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı Cavabdeh Əlheydər qızının İddiaçı məxsus 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pulu əldə etməklə, qaytarmaması və ya qaytarmaqdan imtina etməsi, iddiaçıya 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. -742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında borc barədə razılıq əldə olunmaqla iddiaçı tərəfindən cavabdehə cəmi 7820 manat məbləğində borc verilmiş və cavabdeh yaxın vaxtda borcu ödəməyi öhdəsinə götürmüşdür. Bu halı cavabdeh qəbzlərdə qeyd etməklə təsdiq etmişdir. Beləliklə, məhkəmə ərizəni nəzərdən keçirib və iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Əlheydər qızından 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul alınaraq, iddaçı İddiaçı verilməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia bu hissədə də təmin edilərək, ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Əlheydər qızından 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul və 99 (doxsan doqquz) manat dövlət rüsumunun əvəzi alınaraq iddaçı İddiaçı verilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar