Məhkəmə qərarları › İş №2(027)-268/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-268/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-268/2022 01.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və Cavabdeh Comərd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Comərd oğluna qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Comərd oğlundan 5.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onların ailəsinin yaxın tanışıdır. Daima bir-birilərinin tədbirlərində iştirak etmişlər. Cavabdeh 2018-ci ilin dekabr ayının əvvəllərində ona yaxınlaşıb bildirdi ki, xəstəsi var, Türkiyədə əməliyyat olunmalıdır, ona 5000 manat təcili pul lazımdır. O da, özündə dar günü üçün topladığı 5000 manat pulu cavabdehə vermiş və bu barədə öz aralarında 07 dekabr 2018-ci il tarixdə borc müqaviləsi yazmış və həmin müqavilədə cavabdeh ondan aldığı 5000 manat pulu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüş və o da, bu öhdəliklə razılaşmışdır. O, 2019-cu ilin iyun ayında cavabdehə bildirmişdir ki, pulu qaytarmaq müddəti çatıb, borc aldığı pulu qaytarmalıdır. O, müxtəlif bəhanələr gətirərək ondan borc aldığı pulu qaytarmaqdan imtina edərək bu günə kimi onun pulumu qaytarmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi 07 dekabr 2018-ci il tarixli iltizamdan aşkar olur ki, cavabdeh ondan 5000 manat borc pul almış və 6 ay müddətinə qaytarmağı öhdəlik götürmüşdür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Comərd oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddiaçıya heç bir məbləğdə pul borclu olmadığını, iddiaçıdan aldığı borcu faizi ilə birlikdə qaytardığını və iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçını tanımır. Cavabdehə borcunu qaytarmaq üçün pul vermişdir. Lakin həmin pulun iddiaçıya verilməsindən xəbəri olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.12.2018-ci il tarixli iltizamdan görünür ki, Mədinov X2 Babayevadan 5.000 manat məbləğində pul almış və həmin borcu 6 ay müddətində qaytaracağına görə öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mədinov X2 Babayevadan 5.000 manat məbləğində pul almış və həmin borcu 6 ay müddətində qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh Comərd oğlu iltizam əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 5.000 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh isə iddianın əsassız olması bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh Comərd oğlunın İddiaçı 5.000 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Comərd oğlundan 5.000 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar