Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2809/2024 26.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və sabit pul məbləğində alimentin müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsini məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatan 07 sentyabr 2006-cı ildə doğulmuş X3 təhsili bitənə qədər-yəni 23 yaşına qədər və yetkinlik yaşına çatmayan 20 sentyabr 2011-ci ildə doğulmuş X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir biri üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 28 oktyabr 2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirərərək evlənib ailə qurmuşlar. Birgə nikahlaından 07 sentyabr 2006-cı ildə X9 və 20 sentyabr 2011-ci ildə X10 adında iki övladı anadan olmuşdur. Quba rayon Məhkəməsinin 03 iyul 2024cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan 07 sentyabr 2006-cı il təvəllüdlü X5 və 20 sentyabr 2011-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Bu qətnamə çıxarılarkən Cavabdeh DİN-nin BDYPİ-də X14 yol patrul xidməti inspektoru vəzifəsində işləyirdi və əmək haqqısı 965 manat 51 qəpik idi və onun əlavə gəlirləri ilə birlikdə qazancı 1400 manat təşkil edirdi. Hal-hazırda cavabdehin rəsmi iş yeri yoxdur. 2024-cü ilin fevral ayından cavabdeh tərəfindən ona aliment ödənilməmişdir. X9 yetkinlik yaşına çatıb, lakin Azərbaycan Universitetinin “Humanitar və Sossial Elmlər” fakültəsinin Filologiya ixtisası üzrə əyani şöbəsinin 2-ci kursunda təhsil alır. X7 13 yaşı var. Quba rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların məsrəfləri yetərincə artıb. Böyük qızı pullu təhsil alır və Bakı şəhərində kirayədə yaşayır. Onun təhsil haqqı 2700 manat təşkil edir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı-vaxtında ödəmir. Uşaqların qayğısını ehtiyacını tamamilə o, və valideynləri çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı-vaxtında ödəmir. Uşağın qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verəərk iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki. 07 sentyabr 2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır. Hazırda təhsil alsa da, ona aliment ödəmək fikri yoxdur. 20 sentyabr 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi 235 manat aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 764/2024 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 29 oktyabr 2005-ci il tarixdə Quba rayonu Vladimirovka icra nümayəndəliyində bağlanmış və akt qeydləri kitabında 48 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, Həmin nikahdan olan 07 sentyabr 2006-cı il təvəllüdlü X3 və 20 sentyabr 2011-cı il təvəllüdlü X7 anaları -Məmmədova (Əliyeva) Nübar Fuad qızının yanında qalmaları müəyyən edilməli, Cavabdeh 07 sentyabr 2006-cı il təvəllüdlü X3 və 20 sentyabr 2011 -ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Məmmədova (Əliyeva) Nübar Fuad qızına ödənilməsi və ilkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən alınaraq Məmmədova (Əliyeva) Nübar Fuad qızına ödənilməsi qət edilmşdir. İş materiallarında olan AZ-İİ 788900 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin nikahından 20 sentyabr 2011-ci il təvəllüdlü X10 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ 860576 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin nikahından 20 sentyabr 2011-ci il təvəllüdlü X10 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X8 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024- 01612 saylı arayışına əsasən, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(027)-764/2024 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik tələbatının artmasını və cavabdehin müntəzəm xarakterli əmək haqqının olmamasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay hər uşağın saxlanılması üçün 300 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə hesab edir ki, 07 sentyabr 2006-cı ildə doğulmuş X9 yetkinlik yaşına çatmaqla başqa (borclu) şəxslərdən tələb etmək hüququ baxımından İddiaçı X6 aid tələblə müraciətə subyektiv hüququ yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı övladı X7 aylıq təminat xərcinin 300 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək müddət keçməsini, habelə cavabdehin qazancının hazırda müntəzəm olmadığını nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin 240 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(027)-764/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 20 sentyabr 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Məmmədova (Əliyeva) Nübar Fuad qızının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2809/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2809/2024
26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver