Məhkəmə qərarları › İş №2(027)-2958/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2958/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2958/2025 18.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində əsas borcu və tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu pulun, cəmi 3858 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi ümumi tanışı vasitəsi ilə 2023-cü ildə tanımışdır. Söhbət əsnasında cavabdeh ondan xahiş etmişdir ki, ona qısa müddət ərzində qaytarmaq şərti ilə pul borc versin. Ümumi tanışlıqları olduğu üçün o, cavabdehə etibar edərək ona bir neçə dəfə 1000 manat bir, ondan sonra 1500 manat pul borc vermişdir. Cavabdeh həmin borc aldığı pulları ona razılaşdığları müddətdə qaytarmışdır. Növbəti dəfə cavabdeh 2024-cü ildə ondan cəmi olaraq 3800 (üç min səkkiz yüz) manat pul borc istəmiş və o həmin məbləğdə pulu cavabdehə borc vermişdir. Əvvəllər də cavabdeh ondan pul borc götürüb vaxtında qaytardığı üçün o, heç bir tərəddüd etmədən ona göstərilən məbləğdə pul borc verdi. Cavabdeh ona söz vermişdir ki, həmin pulu ən uzağı 2 aya qaytaracaqdır, bu vaxta pulu qaytara bilməsə tezliklə bankdan kredit alıb pulumu qaytaracaqdır. Cavabdehin söz verdiyi müddət başa çatsa da o, borc pulu geri qaytarmamış, dəfələrlə cavabdehdən borc pulun geri qaytarılmasını tələb etsə də o, müxtəlif bəhanələrlə bundan yayınmış, hətta cavabdehin yaşadığı evə gedib pulunu tələb etsə də evdəkilər bildirmişlər ki, güya cavabdeh evdə yoxdur. Belə vəziyyətdə o məcbur olaraq cavabdehin ona borc pulu qaytarmadığı üçün ondan Qusar rayon Polis Şöbəsinə şikayət etmişdir. Şikayət ərizəsi araşdırılarkən cavabdehdən bu barədə izahat alınmış və cavabdeh izahatında etiraf etmişdir ki, həqiqətən də İddiaçı 3800 manat pul borcludur və həmin pulu o, 2025-ci ilin avqust ayından başlayaraq hissə-hissə ayda 200 manat ödəməklə tam bağlayacaqdır. Lakin cavabdeh bu dəfə də vədinə əməl etməmiş, bu günə kimi ona həmin puldan 1 manat da olsa ödəməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, hazırki iddia ərizəsinin tərtibi ilə bağlı vəkil vasitəsi ilə Qusar rayon polis şöbəsinə sorğu verilərək onun şikayəti ilə bağlı toplanmış materialdan çıxarışlar alınmış, həmin materiallar arasında onun və cavabdehin məsələ ilə bağlı izahatlar vardır. Bu sənədləri iddia ərizəsinə əlavə etməklə sübut növü kimi qəbul edilməsini məhkəmədən xahiş edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, cavabdeh borclu olduğu puldan 200 manatını ödəmiş, hal-hazırda Cavabdeh ona 3600 manat pul borcu qalmışdır. Həmin 3600 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və iddianın təmin olunmasını xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh X4 iddianı qəbul edərək, həqiqətən də İddiaçı 2024-cü ildə 3800 manat aldığını, həmin puldan 200 manatını qaytardığını, lakin pulu tam qaytarmadığını, hal-hazırda iddiaçıya 3600 manat məbləğində pul verməli olduğunu, həmin pulu hissə-hissə hər ay 100 manat ödəyə biləcəyini və 3600 manat tələblə bağlı iddianın təmin olunmasını etirazının olmadığını bildirmişdir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan Quba RPŞ-nin İTB-nın İddiaçı müraciətinə baxılması nəticələrinə dair xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iş üzrə izahatı alınmış Cavabdeh İddiaçı 3800 manat borcunun olduğunu etiraf edərək cari ilin avqust ayından başlayaraq hər ay minimum 200 manat ödəmək şərti ilə həmin şəxsə olan borcunu tam şəkildə qaytaracağına söz vermişdir. İş materiallarında olan Quba RPŞ-nin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, onun Quba RPŞ-nə etdiyi müraciət araşdırılmış, müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün aparılan araşdırma dayandırılmışdır. Ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı cavabdeh X1 İddiaçı borc aldığı, lakin öhdəliyi vaxtında icra etməyərək borcu qaytarmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.3-ci maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin: -191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. -220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. - 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul və 58 manat ödənilmiş dövlət rüsumu alınaraq, iddaçı İddiaçı verilməlidir. İddiaçı, iddia ərizəsində 3800 manat əsas borc tələb etsə də, məhkəmə araşdırması zamanı, həmçinin iddiaçının özünün izahatı və cavabdehin izahatından müəyyən olunur ki, Cavabdeh İddiaçı 3600 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh tələb olunan 3600 manat məbləğdən artıq tələb məbləği hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul və 58 manat ödənilmiş dövlət rüsumu alınaraq, iddaçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar