Məhkəmə qərarları › İş №2(027)-300/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-300/2024

26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-300/2024 26.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyan tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 180 ədəd gilas tinginin hər birinin dəyəri 6 (altı) manatdan olmaqla 1080 manat pulun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 1i ünvanında yaşayır. Başqa yerdən gəliri olmadığı üçün özünə məxsus torpaq sahəsində meyvə tingləri əkərək oradan qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə meyvə tinglərinin alğısatqısı ilə məşğul olan ünvan 2i ünvanında yaşayan Cavabdeh adlı şəxsdən meyvə tingi almışdır. Həmin meyvə tinglərinin bir ədədi 6 (altı) manat olmaqla, cəmi 120 (yüz iyirmi) ədəd meyvə tingi almışdır. O, gilas tinglərini alarkən cavabdehdən “kristal” və “napaleon” sortlarından olan gilas tingləri almaq istədiyini bildirmişdir. Cavabdeh də ona gilas tinglərini satarkən onların onun istədiyi həmin sortdan olduğunu bildirmişdir. O, həmin qələmləri gətirərək özünə məxsus torpaq sahəsində əkmişdir. Bir neçə il həmin tinglərə qulluq etmişdir. Artıq böyüyüb meyvə verən zaman həmin tinglərin meyvə vermədiyini və hətta qurduğunu görmüşdür. Həmçinin cavabdeh ona istədiyi gilas növünü deyil başqa növ olan "Ramanovka” növünü aldadaraq satmışdır. Tinglər quruduğu üçün o, cavabdehin yanına gedərək bu barədə ona bildirmişdir. Cavabdeh də ona daha 60 ədəd meyvə tingi sataraq “bunları da quruyanların yerinə ək”- demişdir. O, sonradan aldığı 60 (altmış) ədəd tingi də əkib becərdikdən sonra onların da zaman keçdikcə quruduğunu görmüşdür. İndi ona məlum olub ki, Cavabdeh bitkinin calaqaltı ilə calaqüstü komponentlərini düzgün seçməmiş və ona cır ağ gilasın üstünə vurulmuş tinglər satmışdır. Hazırda Cavabdeh onu aldadaraq satdığı tinglər qurumuş ona ziyan dəymişdir. Dəfələrlə bu barədə cavabdehə bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. O, tinglərin quruması onların istədiyi növdən olmaması və bununla bağlı çəkdiyi xərc səbəbindən ziyana düşmüşdür. Məsələ ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etsə də, ona məsələnin mülki xarakterli olması ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, o iddiaçıya uzun müddət əvvəl ting satmışdır. İddiaçı tinglərə düzgün qulluq etmədiyi üçün tinglər qurumuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 180 ədəd gilas tinginin hər birinin dəyəri 6 (altı) manatdan olmaqla 1080 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsini tələb etsə də, qeyd olunan tinglərin cavabdehin hərəkət (və ya hərəkətsizliyi) tərəfindən quruyaraq məhv olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı qeyd edir ki, tingləri 6-7 il öncə almışdır. Həmin tinglərin sonradan hansı səbəbdən quruması barədə iş materaillarında sübut mövcud deyil. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1) Zərər vurulmalıdır. 2) Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3) Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. İddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyan tələbi” barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar