Məhkəmə qərarları › İş №2(027)-301/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-301/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-301/2024 05.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayonu Küpçal kənd sakini Cavabdeh onların xeyrinə 6000 (altı min) ABŞ dolları məbləğində borcun, 120 (yüz iyirmi) manat 60 (altımış) qəpik alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh onların yaxınıdır. Cavabdeh bələdiyyə işlədiyi dövrdə, 2017-ci ilin aprel-may aylarında aralarında olan razılığa əsasən 0,12 ha torpaq sahəsinin satılması və sənədləşmə işlərinin aparılması üçün onlardan 8000 (səkkiz min) manat məbləğində pul istəmişdir. Bundan sonra Cavabdeh ona və yoldaşına Quba rayonu Küpçal kəndi ərazisində 0.24 ha olan boş torpaq sahəsi göstərərək həmin sahədən 0.12 ha hissəsinin onlara satılacağını bildirmişdir. 2017-ci ildən 2021-ci ilədək hissə-hissə olmaqla ümumilikdə Cavabdeh 0,12 ha torpaq sahəsinin satılması və sənədləşmə işlərinin aparılması üçün 6000 (altı min) ABŞ dolları məbləğində pul verilmişdir. Lakin nə razılaşdığları torpaq sahəsini onlara vermiş, nə də verdikləri pulu geri qaytarmışdır. Dəfələrlə Cavabdeh söz verdiyi 0,12 ha torpaq sahəsini onlara verməyi tələb etsələr də müxtəlif bəhanələr gətirirək işin icrasından yayınmışdır. Həmin torpaq sahəsini vermədiyindən, verdiyi pulu ondan istəsələr də, nəğd qaydada pulu geri qaytarmamışdır. Pulu geri qaytarması barəsində ona bir neçə dəfə müraciət etmişlər. Pulu qaytarmayacağı təqdirdə şikayət edəcəylərini bildirəndə gedin hara istəyirsiniz şikayət edin demişdir. Üzərindən bir müddət keçdikdən sonra ondan pulu istəsələr də, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Hər dəfə ödəyəcəyini bildirərək onları aldatmışdır. Məcburiyyət qarşısında qalaraq Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Quba rayon Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Cavabdeh rayon polis şöbəsinə verdiyi izahatında borcunu etiraf etmişdir. Belə ki, Quba rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barəsində qərarında Cavabdeh borcunu etiraf etdiyi qeyd olunmuşdur. Ancaq Emin borcunu tam etiraf etməmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X2 ərizəyə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir, həmçinin əlavə olaraq bildirmişdir ki, Cavabdeh bibisi oğludur. Atası onkoloji xəstədir. Cavabdeh Küpçal bələdiyyəsinin üzvü olduğu müddətdə valideynləri Kürçal kəndində torpaq almağı təklif etmişdir. 2017-ci ilin aprel-may aylarında Emin atasına 0.12 ha torpaq sahəsi verəcəyini, bu torpaq sahəsinin sənədləşdirilməsi üçün 8000 manat pul istəmişdir. Emin onlara Küpçal kəndində boş torpaq sahəsini göstərərək ərazinin 0.24 ha olmasını, 0.12 ha hissəsinin başqa bir vətəndaşa aid olmasını, digər 0.12 ha torpaq sahəsini isə sənədləşdirəcəyinə dair söz vermişdir. Atası hissə-hissə olmaqla 2017-ci ildən etibarən 2021-ci ilədək ümumlikdə 6000 ABŞ dolları Eminə vermişdir. Pulu Eminə verdikdən sonra Emin sənədlərin hazır olacağını bildirsə də, bu günə qədər müxtəlif bəhanələrlə sənədi verməkdən imtina etmişdir. Sonuncu dəfə, ondan bu barədə soruşan zaman Emin pulu verməyəcəyini, hara istəyirsə şikayət edə biləcəyini demişdir. Qeyd edib ki, qardaşı “ParaBank” vasitəsilə atasının və anasının adına pulu göndərmiş və həmin pulu bankdan çıxardıqdan sonra evlərində anası, atası və özünün iştirakı ilə 6000 ABŞ dolları Eminə vermişlər. Emin bu pulun əvəzində onlara rəhmətə gedən bacısının yerini satmağı vəd etmişdir. Bacısı oğlu olduğu üçün atası Eminə inanmışdır. O vaxtdan nə bələdiyyənin torpağından, nə də mərhum bacısının yerini onların adına sənədləşdirməmişdir. Onların bələdiyyənin sədrilə əlaqələri olmamışdır. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, verdiyi izahatında bildirmişdir ki, 2004- 2009-cu illərdə Quba rayonu, Küpçal bələdiyyəsinin üzvü olmuşdur. İddiaçı1 onun dayısı, İddiaçı2 dayısı Qəribin arvadıdır və aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Kəndin ərazisində bacısı Şövkətin adına 0.11 ha torpaq sahəsi olmuşdur. Bacısı rəhmətə getmiş və rəhmətə getməmişdən əvvəl onun razılığı ilə torpaq sahəsini dayısı Qəribgilə satması barədə razılığa gəlmişlər. O, dayısı Qəribə təklif etmişdir ki, bacısı Şövkətin adına olan torpaq sahəsini onun adına sənədləşdirsin və o, həmin sahəni dayısına göstərmiş, o, da razılaşmışdır. Bundan sonra dayısı Qəribdən ümumlikdə 4000 ABŞ dolları civarinda pul almışdır. Dayısı pulu ona uzun müddət əvvəl hissə-hissə bir neçə il ərzində vermiş və pulları Quba rayonu ərazisində, bir hissəsini kənddə, bir hissəsini isə evində almışdır. Həmin pulların bir qismini müalicəsinə xərcləmişdir. Sonradan dayısı və arvadı Möhübbət ondan torpağın sənədlərini verməyi və ya pulu qaytarmalarını istəmişlər. Sonradan ona məlum olmuşdur ki, rayon prokurorluğuna şikayət etmişlər. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialından görünür ki, İddiaçı2 ərizəsi əsasında Quba RPŞ-də HK-1/1002 saylı təhqiqat materialı üzrə iş açılmışdır. Cavabdeh təhqiqat materialındakı izahatından görünür ki, o bacısı Şövkət Paşayevaya məxsus 0.11 ha torpaq sahəsini dayısı İddiaçı1 adına sənədləşdirmək üçün ondan 4000 ABŞ dolları aldığını etiraf etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 may 2022-ci il tarixli qərardan göründüyü İddiaçı2 ərizəsi əsasında toplanmış HK-1U002 nömrəli materilada cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və ona Cavabdeh pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xidmət barədə razılılıq əldə olunmuş, lakin cavabdeh razılaşmanı pozaraq müvafiq xidmətlərin göstərilməsindən yayınmışdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddia üzrə cavabdehdən 6000 ABŞ dolları məbləğin tutulması xahiş olunmuşdur. Cavabdeh xidmət göstərilməsilə bağlı 4000 ABŞ dolları qəbul etdiyini ibtidai araşdırma zamanı verdiyi izahatında, həmçinin hazırki icraat zamanı etiraf etmiş və iddia tələbi üzrə istinad edilmiş 6000 ABŞ dolları məbləğin verilməsilə bağlı hallara dair hər hansı digər sübut təqdim edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh məhz 4000 ABŞ dolları tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Qeyd edilən məbləğ ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə tutulmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia tələbi ilə 120 (yüz iyirmi) manat 60 (altımış) qəpik ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 120 (yüz iyirmi) manat 60 (altımış) qəpik məbləğdən ödənilmiş tələblərin məbləğinə münasib hissəsini təşkil edən 80 (səksən) manat 40 (qırx) qəpik cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Dövlət rüsumunun 40 (qırx) manat 20 (iyirmi) qəpik hissəsi iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220,

227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) ABŞ dolları ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumundan 80 (səksən) manat 40 (qırx) qəpik alınaraq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 40 (qırx) manat 20 (iyirmi) qəpik hissəsi iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar