Məhkəmə qərarları › İş №2(027)-326/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-326/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-326/2025 07.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı törətdiyi avtoqəza nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş ziyana görə 3854 manat və məhkəmə üçün ödədiyi 60 manat dövlət rüsümu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh 06 iyul 2024-cü il tarixdə, saat 17:45 radələrində idarə etdiyi «Mersedes Benz» markalı 99 ТВ 211 dövlət qeydiyyat nişanlı avtomaşını ilə Heydər Əliyev prospekti ilə hərəkət edərərkən ara məsafəsi düzgün seçmədərək onun idarə etdiyi «Jetour» markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsinə zərbə vuraraq toqquşmuşdur. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 06 iyul 2024-cü il tarixdə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Törədilmiş hadisə nəticəsində avtomomaşınına 8854 manat maddi ziyan dəymişdir. «Ata» Sığorta tərəfdən isə ona dəymiş ziyana görə cəmi 5000 manat ödənilmişdir. Qalan 3854 sanat ziyanın ödənilməsi ilə bağlı Cavabdeh müraciət etsə də dəymiş ziyanı ödəmək boyun qaçırır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yol qəza hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş ziyan 8854 manat həcmində müəyyən edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının ziyanla bağlı iddia tələbi qismən əsaslıdır. Avtomobilə 8854 manat məbləğində ziyan dəyməmişdir. İddia məbləği şişirdilmişdir. Məhkəməcavabdehin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialında olan TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə Haqqında qərardan görünür ki, Cavabdeh idarə idarə etdiyi “06 iyul 2024-cü il tarixdə, saat 17:45 radələrində idarə etdiyi «Mercedes Benz» markalı 99 ТВ 211 dövlət nömrə nişanlı avtomaşının «Jetour» markalı ** XJ *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. O, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə turulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin zərər aktından görünür ki, ehtiyyat hissələrinin dəyişdirilməsi ilə bağlı İddiaçı məxsus «Jetour» markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 8854 manat vəsait hesablanmışdır. Məhkəmənin sorğusu əsasında "xxxx" ASC-dən daxil olmuş materialdan görünür ki, ehtiyyat hissələrinin dəyişdirilməsi ilə bağlı İddiaçı məxsus «Jetour» markalı ** XJ *** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 7504 manat vəsait hesablanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş aktından görünür ki, İddiaçı avtonəqliyyat hadisəsi zamanı dəymiş zərərə görə Ata Sığorta” ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı məhkəməyə iddianın verilməsi üçün 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarının pozması iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi əmlaka cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində 8854 məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona pul ödənilmədiyin kimi hallara istinad etmişdir. Lakin, "xxxx" ASC-dən daxil olmuş material əsasında müəyyən olunmuşdur ki, ehtiyyat hissələrinin dəyişdirilməsi ilə bağlı İddiaçı məxsus «Jetour» markalı ** XJ *** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 7504 manat vəsait hesablanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş aktına əsasən İddiaçı avtonəqliyyat hadisəsi zamanı dəymiş zərərə görə Ata Sığorta” ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi 2504 manat hissəsində təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İddiaçı həmçinin iddianın verilməsi üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2504 (iki min beş yüz dörd) manat maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat olmaqla, cəmi 2564 (iki min beş yüz altmış dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar