Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-328/2023 01.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2970 ( iki min doqquz yüz yetmiş) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Qusar Rayonu Balaqusar kəndində yaşayır, cavabdehlərdən Cavabdeh2 onun uzaq qohumudur. 2022-ci ilin yanvar ayının sonunda Cavabdeh2 ona zəng vuraraq satılıq dəmir borular olduğunu bildirmişdir, və o, Cavabdeh2 ilə görüşmüş, yanında cavabdeh X1 olmuşdur. Onlar ona bildirmişlər ki, Bakı şəhərindən dəmir borular gətiriblər, 23 ədəd 6 metrlik 80 mm diametri olan borular var, o, cavabdehlərdən 23 ədəd dəmir boru alıb 720 manat pul vermiş, bundan sonra müxtəlif vaxtlarda cavabdehlərdən iki dəfə dəmir boru alaraq, üst-üstə onlara 2970 manat pul vermiş və 2022-ci ilin fevral ayının ortalarında yaşadığı həyətə gələrək cavabdehlərdən aldığı boruların oğurluq olduğunu bildirmişlər və cavabdehlərdən aldığı dəmir boruları polis əməkdaşları təhvil alıb aparmışlar və sonradan cavabdehləri cinayət məsuliyyətinə cəlb etmişlər və cavabdehlər Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona satdıqları dəmir borular oğurluq olduğu üçün müvafiq cəzaya məhkum edilmişlər, yalnız cavabdehlərə ödədiyi pul ona qaytarılmayıb, cavabdehlərin ona vurduqları maddi ziyan bu günə kimi ödənilməmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən aşkar olur ki, cavabdehlər ona 2970 manat maddi ziyan vurmuşlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(027)-101/2022 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1. 32.5,177.2.2 və 32.5,177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1. 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər barəsində cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zərərçəkmiş şəxs İddiaçı əmlakını gizli yolla talamaqla, ona ümumilikdə 2970 manat məbləğində ziyan vurmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 2970 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin 1(027)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2970 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-328/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-328/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver