Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-352/2022 04.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 96 (doxsan altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, barəsində olan inzibati protokola əsasən inzibati cəriməni ödəyərkən 96 manat ödəniş texniki səhv nəticəsində cavabdehin barəsində olan inzibati protokola yönlənmişdir. Bundan sonra o, cavabdehlə dəfələrlə əlaqə saxlamış, cavabdeh əvvəlcə hesabına ödənilmiş 96 manatı geri qaytaracağına söz versə də, sonradan bundan müxtəlif bəhanələrlə yayınmağa başlamışdır. (Cavabdehlə aralarında olan telefon danışıqlarının səs yazısı var, zərurət olarsa məhkəməyə təqdim edə bilər). Qeyd olunanlara əsasən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında İXP3282896 nömrəli protokoldan görünür ki, Cavabdeh 26.05.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 87157857 nömrəli qəbzin surətindən görünür ki, İXP3282896 nömrəli protokol üzrə 17.05.2021-ci il tarixdə 96 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 96 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş edir. Lakin, iddiaçı cavabdehin ona 96 manat məbləğində pul borclu olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan 96 manat məbləğində pul almamış və ya İXP3282896 nömrəli protokol üzrə yazılmış cərimə borcunun ödənilməsini xahiş etməmişdir. İddiaçının iddia etdiyi məbləğin onun tərəfindən ödənilməsini, yəni məhz iddiaçı tərəfindən ödənilməsini sübut edən dəlil iş materillarında yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-352/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-352/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver