Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-361/2022 16.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 574,61 (beş yüz yetmiş dörd manat altmış bir) manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) AZN məbləğin Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh Məhəmməd oğlu arasında 16.11.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 03 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. 31.07.2018-ci il tarixli 320-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 10.04.2020-ci il tarixində öz ərizəsi əsasında 183-K–saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Məhəmməd oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 12.12.2020-cu il və 05.03.2020-ci il tarixində Oba- Quba 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Məhəmməd oğlu Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 12.12.2018-ci il və 05.03.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 2860,64 (iki min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2286 (iki min iki yüz səksən altı manat üç qəpik) manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır və yekun olaraq cavabdehin cəmiyyət qarşısında 574,61 (beş yüz yetmiş dörd manat altmış bir qəpik) manat borc təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh Məhəmməd oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, mülki iş üzrə iddianı müdafiə etdiyini göstərmiş, məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək və etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, 05 mart 2020-ci il tarixində rəhbərlik etdiyi OBA Quba 02 (593) mağazasında təvil-təslim sayını keçirilib, sayında iştirak etmişdir. Sayında hər hansı qayda pozuntusu aşkar edilməyib, tam olaraq şəffaf keçirilib. Bunu qarşı tərəfində etiraf etdiyi kimi yazılı olaraq qeyd edib, imzası ilə təsdiq etmişdir. Onun sayında olmağına sübut kimi məhkəməyə şahid qismində dəvət etdiyi, 05 mart 2020-ci il tarixinə kimi tabeçiliyimdə satıcı- kassir vəzifəsində fəaliyyət göstərmiş və hal-hazırda OBA Quba 01 (580) mağazasında çalışan X1 ifadəsini əsaslı dəlil kimi götürmək olar. İşgüzar nüfuza xələl gətirən qarşı tərəfin bu rəyi tamamilə əsassızdır. Bu cür yalan məlumatlarla rəy bildirən qarşı tərəfin mağazanı təhvil verməyindən 8 ay sonra geri dönüş edərək 575 AZN kəsrin yaranmasına dair iddia tələbi də şübhə doğurur. Qarşı tərəf məhkəməyə dəymiş ziyanın 575 AZN olduğunu qeyd edib, lakin rəsmi olaraq 18.12.2020 tarixində yaşadığı ünvana göndərilmiş xəbərdarlıq məktubunda kəsr 876 AZN qeyd edilir. İşin hüquq müstəvisində baxılması üçün məhkəmənin icraatına göndərilməsi kimi etirazını bildirmiş olmasaydı, burdan belə qənaətə gəlmək olar ki, ödəməli olduğu kəsr məbləğ 876 AZN olacaqdır və nəticə etibarı ilə şirkət nümayəndələrinin işə məsuliyyətsizlyindən dolayı işdən ayrılmış cavabdeh şəxslər saxta summanı ödəmək məcburiyyətilə qarşı-qarşıya qalırlar. Qısa zaman ərzində yaranmış kəsr ilə bağlı məlumatı cavabdeh şəxsə verilməsi, həmin cavabdehin yaranmış kəsrlə əlaqədar bir açıqlamasının olub-olmaması anlamındadır. Bundan əlavə olaraq, 05 mart 2020-ci il tarixində keçirilən təhvil-təslim sayımından əvvəl keçirilmiş yoxlama sayımında nəticə olaraq 647 AZN artıq məbləğin yarandığını təsdiq edən sənədlər qarşı tərəfdən məhkəməyə təqdim olunmayıb. Bu artıq məbləğin yaranmasına dair dəlil OBA Marketlər şəbəkəsinin birbaşa tabe olduğu “Veysəloğlu” şirkətinin rəhbər şəxsi Aydın Talıbovun rəsmi elektron hesabına (13.12.2020, 03.01.2021, 05.01.2021, 08.01.2021 və 14.01.2021 tarixlərində) göndərdiyi şikayət müraciətlərində öz əksini tapır. Qeyd olunanları nəzərə alaraq ödənilməsi tələb olunan məbləğin (-575 AZN) ondan əvvəl yaranmış məbləğlə (+647 AZN) əvəz olunması barədə qərar verməyinizi rica edir. Fəaliyyət dönəmimdə hər hansı mənimsəmə halları olmayıb, əlavə olaraq tutduğu vəzifə (maddi-məsul şəxs) ilə yanaşı sənədləşmə üzrə insan resurslarının regional üzrə əməkdaşı vəzifəsindədə qeyri-rəsmi olaraq, təmənnasız fəaliyyət göstərmişdir. 10.04.2020-ci il tarixdə əmək müqaviləsinə (ƏM 68, öz təşəbbüsüm əsasında) xitam verilib. Müəyyən müddətdən sonra işinin yenidən bərpa olunması ilə əlaqədar təklif alsa da işin perspektivliyi baxımından qəbul etməmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh Məhəmməd oğlu arasında Oba Market” MMC-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə 16.11.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan tam maddi məsuliyyət haqqında müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh Məhəmməd oğlu arasında maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 31 iyul 2018-ci il tarixli, 320-K saylı əmrdən görünür ki, Cavabdeh Məhəmməd oğlu İddiaçı MMC-nin satış Satış Departamentinə 31.07.2018-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 10.04.2020-ci il tarixli, 183-K saylı əmrindən görünür ki, Cavabdeh Məhəmməd oğlu Cəmiyyətin Satış Departamentinin Satış 2 Şöbəsinin Administratorunun əmək müqaviləsinə 10.04.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktından görünür ki, OBA Quba-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs–Cavabdeh Məhəmməd oğlunun 12.12.2018-ci il tarixli və 05.03.2020-ci il tarxli inventarizasiya siyahısı ilə yoxlama tarixinə siyahıya alınmış mal–material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 2860,64 manat məbləğində kəsirin olduğu müəyyən edilmişdir. İş materiallarında olan 12.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 12.12.2018-ci il tarixində 1667,83 AZN, 05.03.2020-ci il tarixində 1192,81 AZN və ümumi olaraq 2860,64 AZN çatışmazlıq müəyyən edilmiş, çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 2286,03 AZN hissəsi şirkət tərəfindən güzəşt edilməklə, Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə, Oba Market” MMC-ə olan ümumi borcu 574,61 (beş yüz yetmiş dörd manat altmış bir) AZN təşkil edir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Məhəmməd oğlunun İddiaçı MMC-nin adminstratoru vəzifəsində işlədiyi müddət ərzində 2860,64 manat məbləğində mal çatışmazlığı müəyyən edilsə də, İddiaçı MMC Cavabdeh Məhəmməd oğlundan 574,61 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. 12.10.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Məhəmməd oğlunun İddiaçı MMC-yə 574,61 manat məbləğində mal çatışmazlığına görə borcunun olduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda, e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və Cavabdeh Məhəmməd oğlunun iddiaçıya zərər vurması öz təsdiqni tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Məhəmməd oğlundan mal çatışmazlığına görə vurulmuş zərərin əvəzi olaraq 574,61 (beş yüz yetmiş dörd manat altmış bir) manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan maddi ziyanın əvəzi kimi 574,61 (beş yüz yetmiş dörd manat altmış bir) manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-361/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-361/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver