Məhkəmə qərarları › İş №2(027)-361/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-361/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-361/2024 18.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ildə övladı Türkiyə Respublikasındakı Bilecik Universitetində təhsil aldığı zaman onun Bakı şəhərində yerləşən universitetlərdən birinə transfer olunmasına müvafiq köməkliyin göstərilməsi üçün yaxın tanışı olan X1 bildirdi. Belə ki, Ziya Əhmədov onun yaxın tanışı olan Cavabdeh vasitəsi ilə oğlunun Bakı şəhərində yerləşən unversitetlərdən birinə tranvser edə biləcəyini bildirdi. Bu məqsədlə 2021-ci ildə Ziya Əhmədovun vasitəçiliyi ilə Cavabdeh ilə görüşdülər. Cavabdehdən bu işlərin qanuni yollarla necə həll olunacağını soruşdu. Cavabdeh bildirdi ki, hazırda pandemiya şəraiti olduğu üçün müraciətlər yalnız onlayn vasitəsilə qəbul edilir. Bu işlərin müqabilində cavabdeh ondan 7.000 manat məbləğində pul istədi. Onun səmimiyyətinə aldanaraq 7.000 manat pulu cavabdehə verdi. Lakin bir il ərzində cavabdeh oğlunun trarsfer olunmasına heç bir köməklik göstərmədiyi üçün məcburiyyət qarşısında qalaraq ondan pulunu geri tələb etməyə başladı. Cavabdeh hər dəfə müxtəlif vədlərlə onu aldatmağa başladı. Nəhayət cavabdeh ona verdiyim puldan cəmi 1500 manat pulunu özünə qaytardı. Qalan 5.500 manat pulunu isə qaytarmaqdan imtina etmişdir. Məcburiyyət qarşısında qalaraq onun qanunsuz əməllərindən xx.xx.2022-ci ildə DİN-nə elektron müraciət etdi. Şikayəti Binəqədi rayon Pİ-nin 6-cı PB-də baş təhqiqatçı polis mayoru İsmət Musayev tərəfindən araşdırılmış və xx.xx.2022-ci ildə "cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Xüsusi ilə qeyd edir ki, polis bölməsində izahatı alınmış cavabdeh həqiqətəndə ondan 7.000 manat pul aldığını, həmin məbləğin 1.500 manatı istifadəsində olan plastik bank kartına köçürdüyünü və bir ay ərzində yəni 2022-ci ilin may ayının sonuna kimi qalan 5.500 manat pulu tam şəkildə özünə qaytaracağına söz vermişdir. Lakin bu günə kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ondan aldığı pulu tam şəkildə özünə qaytarmamışdır. Onun bu hərəkətlərindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin (bundan sora Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh 2021-ci ilin iyun ayında tanışı Ziya Əhmədovun vasitəsi ilə İddiaçıla tanış olduğunu, sonuncunun ondan oğlu Türkiyə Respublikasında təhsil aldığı üçün onu Azərbaycan Respublikasında yerləşən universitetlərdən birinə dəyişdirilməsini xahiş etdiyini, o, bu məsələni onlayn qaydalarda müraciətlər ünvanlayacağına və məsələni müsbət formada həll edəcəyinə söz verərək ondan 7000 manat pul aldığını, lakin ondan asılı olmayan səbəblərdən məsələ alınmadığı üçün almış olduğu puldan 1500 manatını qaytardığını, yerdə qalan pulu isə 1 ay müddətində qaytaracağına söz verdiyini bildirmişdir. Material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 22789 №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı Cavabdeh İddiaçı məxsus 5500 (beş min beş yüz) manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 5500 (beş min beş yüz) manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pul və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pul və ödənilmiş 75 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar