Məhkəmə qərarları › İş №2(027)-362/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-362/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-362/2021 27.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı xxxx” X5 X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X5 Təşkilatı (bundan sonra BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış KHACİ-8076-2351 saylı, xx.xx.2019-cu il tarixli kredit (rekonstrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1433,88 (bir min dörd yüz otuz üç manat qıx yeddi qəpik) manat əsas, 9,33 (doqquz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1442,80 (bir min dörd yüz qırx iki manat səksən qəpik) manat məbləğində borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaitinin “xxxx” BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” BOKT MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış KHACİ-8076-2351 saylı, xx.xx.2019-cu il tarixli kredit (rekonstrukturizasiya) müqaviləsinə əsasən, borclunun vaxtı keçmiş kredit borcunun ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 1443,88 (bir min dörd yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində güzəştli kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli KHACİ- 8076-2351+KHACİ-8087 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 (on iki) ay ərzində hər ay 2 (iki) manat, növbəti 48 (qırx səkkiz) ay ərzində isə hər ay 30,70 (otuz manat yetmiş qəpik) manat ödəniş etməyi öhdəlik götürmüşdür. Lakin cavabdeh kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozması səbəbindən xx.xx.2020-ci il tarixi üçün 1433,88 (bir min dörd yüz otuz üç manat qıx yeddi qəpik) manat əsas borcu, 9,33 (doqquz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1442,80 (bir min dörd yüz qırx iki manat səksən qəpik) manat borcu qalmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış KHACİ-8076-2351 saylı, xx.xx.2019-cu il tarixli kredit (rekonstrukturizasiya) müqaviləsindən görünür ki, MMC tərəfindən cavabdehin vaxtı kçmiş kredit borcunun ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 1443,88 (bir min dörd yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində güzəştli kredit verilmişdir; “xxxx” BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış KHACİ-8076-2351+KHACİ- 8087 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, KHACİ-8076-2351 saylı, xx.xx.2019-cu il tarixli kredit (rekonstrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Babayeva X1 Rəşad Yusif oğluna zamin durmuşdur; xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit təşkilatına 1433,88 (bir min dörd yüz otuz üç manat qıx yeddi qəpik) manat əsas, 9,33 (doqquz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1442,80 (bir min dörd yüz qırx iki manat səksən qəpik) manat məbləğində borcu vardır; xx.xx.2020-ci il tarixli xəbədarlıqdan görünür ki, cavabdehlər müqavilə üzrə kredit təşkilatına borcun yaranması və həmin kredit borcunun qaytarılması, əks təqdirdə məsələnin məhkəmə qaydasında həll ediləcəyi barədə xəbərdar edilmişlər; xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; DİN-nin BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışlarından görünür ki, X3 və Cavabdeh2 Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatdadırlar. Beləliklə, müəyyən olundu ki, iddiaçı “xxxx” BOKT MMC Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya 1443,88 (bir min dörd yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində güzəştli kredit verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun kredit təşkilatına 1433,88 (bir min dörd yüz otuz üç manat qıx yeddi qəpik) manat əsas, 9,33 (doqquz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1442,80 (bir min dörd yüz qırx iki manat səksən qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış KHACİ-8076-2351 saylı, xx.xx.2019-cu il tarixli kredit (rekonstrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1433,88 (bir min dörd yüz otuz üç manat qıx yeddi qəpik) manat əsas, 9,33 (doqquz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1442,80 (bir min dörd yüz qırx iki manat səksən qəpik) manat məbləğində borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul “xxxx” BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar