Məhkəmə qərarları › İş №2(027)-372/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-372/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-372/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona borclu olduğu 900 (doqquz yüzz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, 2020-ci ilin may ayında Cavabdeh ona məxsus 22 ədəd yan, 60 ədəd qoldan ibarət inşaat işlərində istifadə olunan ayaqaltı avadanlığlarını, günü 5 manat olmaqla ondan almışdır. O, bu müddət ərzində ona cəmi 35 manat pul ödəmişdir. Altı aydan çox bir müddət keçməsinə baxmayaraq cavabdeh avadanlığı qaytarmamışdır və heç bir ödəniş etməmişdir. Avadanlığı özü gedərək 2020-ci ilin noyabr ayının axırında geri qaytarıb. Beləliklə Cavabdeh ona 900 AZN pul borcludur. Bu barədə Quba rayon Polis Şöbəsinə müraciət edib. Quba rayon Polis Şöbəsinin 30 avqust 2021-ci il tarixli məktubu ilə məsələnin mülki xarekterli olduğu bildirilmiş və və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona borclu olduğu 900 (doqquz yüzz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, o iddiaçıdan tikinti avadanlıqlarını alıb, lakin qısa müddət ərzində ona qaytarmaq istəyib və bununla əlaqədar onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb. Lakin hər dəfə İddiaçı müxtəlif bəhanələr gətirərək bu tikinti avadanlıqlarını ondan geri götürməkdən yayınıb, onun əsl məqsədi həmin avadanlıqları onda saxlamaqla, guya ki, həmin avadanlıqların onun tərəfindən qərəzli şəkildə ona qaytarılmaması görüntüsü yaradaraq, əlavə kirayə haqqı pulu almaq olub. Həmin tikinti avadanlıqları iddiaçıdan alındıqdan sonra qısa müddət ərzində ona geri qaytarmağı təklif etsə də, o müxtəlif bəhanələrlə bundan yayınmış və həmin avadanlıqları geri götürməmişdir. Həmçinin cavabdeh məhkəmədə qeyd etdi ki, həmin avadanlığlar yararsız olduğundan quraşdırılması mümkün olmamış, o başqa avadanlığları quraşdırıb işləmiş və Mirzəşərifin oğlu noyabr ayının axırında gəlib avadanlığı aparanda bunu görmüşdü. Ona görə də yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasını əsassız hesab edərək məhkəmədən həmin iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə İddiaçı və Cavabdeh dinləyib, sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Polis şöbəsinin 20.04.2022-ci il tarixli 146-6/4-9720-1222 saylı məktubu ilə məhkəməyə daxil olmuş sənədlər toplusundan görünür ki, Quba rayonu Ağbil kəndində yaşayan İddiaçı Quba rayonu Aşağı-Atuc kənd sakini Cavabdeh ona məxsus inşaatda istifadə olunan ayaqaltı avadanlığların, gündəlik 5 manata kirayə apaması, 6 ay müddətində cəmi 35 manat pul ödədiyini, qalan 900 manat kirayə haqqını ala bilməməsi barədə Quba RPŞ-nə etdiyi müraciətdə qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğun sənədlər RPŞ-nin dəftərxanasına verilmişdir. İş materialında olan əlyazmadan görünür ki, Cavabdeh iddiaçıdan 06 may 2022-ci il tarixdə 10 (seksiya) və 32 qol və 14 may 2022-ci il tarixdə 12 (seksiya) və 34 qol dəmir ayaqaltı aldığını imzası ilə təsdiq etmişdi. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmədə iş üzrə cavabdeh iddiaçıdan aldıqları dəmir ayaqaltıların yararsız olduğunu və iddiaçıya bu barədə məlumat verdiyini bildirsə də, o barədə sənədləri və sübutları məhkəməyə təqdim etmədi. İş üzrə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları məhkəmədə sübut etdi. Məhkəmə onu nəzərə çatdırır ki, cavabdeh iddiaçıdan kirayə götürdüyü dəmir ayaqaltıları özü avtomobil ilə götürüb, işlətmək üçün aparmışdı. Əgər həmin ayaqaltıların yararsız olduğunu aşkar etdikdən sonra, ona həmin dəmir ayaqaltıların avtomobil ilə iddiaçıya qaytarılmasına heçnə maneə olmamışdı. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar