Məhkəmə qərarları › İş №2(027)-391/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-391/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-391/2022 10.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra KB ASC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1597,62 (bir min beş yüz doxsan yeddi manat altmış iki qəpik) manat əsas, 11,39 (on bir manat otuz doqquz qəpik) manat faiz, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 1591,01 (bir min beş yüz doxsan bir manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,32 (otuz altı manat otuz iki qəpik) manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 3938rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1597,35 (bir min beş yüz doxsan yeddi manat otuz beş qəpik) manat qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" KB ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 04.12.2019-cu il tarixli 3938rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla) illik 1% dərəcəsi ilə aylıq 34 (otuz dörd) manat ödəmək şərtilə 1597,35 (bir min beş yüz doxsan yeddi manat otuz beş qəpik) manat məbləğində kredit verilmiş, sonuncu istifadə etdiyi krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür; maliyyə arayışından görünür ki, Cavabdeh 04.12.2019-cu il tarixli 3938rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 26.11.2021-ci il tarixə əsas borc üzrə 1597,62 (bir min beş yüz doxsan yeddi manat altmış iki qəpik) manat, faiz borcuna görə 11,39 (on bir manat otuz doqquz qəpik) manat, 0 (sıfır) manat cərimə və 0 (sıfır) manat komisyon haqqı olmaqla, cəmi 1591,01 (bir min beş yüz doxsan bir manat səksən bir qəpik) manat borcu yaranmışdır; 23.06.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 26.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 36,32 (otuz altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC arasında 04.12.2019cu il tarixdə bağlanmış müqaviləyə əsasən, sonuncu bankdan kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 36,32 (otuz altı manat otuz iki qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.12.2019-cu il tarixli 3938rstDNG/19 saylı müqaviləsi üzrə əsas borca görə 1597,62 (bir min beş yüz doxsan yeddi manat altmış iki qəpik) manat, faiz borcuna görə 11,39 (on bir manat otuz doqquz qəpik) manat olmalqa, cəmi 1591,01 (bir min beş yüz doxsan bir manat səksən bir qəpik) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi olan 36,32 (otuz altı manat otuz iki qəpik) manat məbləğində vəsait iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar