Məhkəmə qərarları › İş №2(027)-420/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-420/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-420/2023 06.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1850 manat pul və 39 manat dövlət rüsumu pulun, cəmi 1889 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba rayonunun Qımıl- Qışlaq kəndində yaşayır və şəxsi təsərrüfatında çalışır. Onun kənd təsərrüfatı texnikası vardır-traktor, kotan, pres bağlayan və s. Pres bağlayanlar iki ədəd olduğu üçün qərara gəldi ki, onlardan birini satıb, banka olan kreditləri ödəsin. Bu barədə o tanış-bilişə məlumat verdi və xahiş etdi ki, onun üçün pres bağlayana müştəri tapmaqda köməklik etsinlər. Bunu o cümlədən Xaçmaz rayonunun Şıxlar kənd sakini və yaxın münasibətdə olduğu X1 da dedi. 2022-ci ilin aprel ayının axırlarında yaşadığı evə Malik Cəfərov iki nəfər şəxslə gələrək bildirdi ki, onlardan biri, yəni Eldar adında şəxs pres bağlayan almaq istəyir. O, həmin şəxsləri həyətində saxladığı pres bağlayanın yanına apardı. Eldar adında şəxs pres bağlayana baxış keçirib, onu alacağını bildirdi. Qiymətdə 4850 (dörd min səkkiz yüz əlli) manat pula razılaşdılar. Cavabdeh bildirdi ki, evinə qayıdıb atası ilə məsləhətləşib gəlib cavabını bildirəcəkdir. Üstündən 3-4 gün keçəndən sonra Cavabdeh evinə gəlib bildirmişdir ki, onun hazırda 3000 (üç min) nəğd pulu vardır. Xahiş etdi ki, həmin pulu ona verib pres bağlayanı aparsın, yerdə qalan 1850 manat pulu isə iki ay ərzində ödəyəcəkdir. Bu sövdələşmədə ümumi tanışları X2 da iştirak etmiş, Malik Cəfərov ona dedi ki, Cavabdeh tanıyır, ona etibar etmək olar və borclu qaldığı pulu söz verdiyi müddətdə ödəyəcəkdir. Cavabdeh ona 3000 manat pulu ödəyib pres bağlayanı aparmış və dilindən iltizam verdi ki, yerdə qalan 1850 manat pulu həmin ilin iyul ayının 1-nə kimi ödəyəcəkdir, əgər pulu həmin müddətdə ödəməsə borclu qalığı məbləğin 3 mislini ona ödəyəcəkdir. Lakin cavabdeh sözünə əməl etməmiş, nisyə aldığı əşyaya görə ona ödəməli olduğu 1850 manat pulu bu günə kimi ödəməmişdir. Dəfələrlə ona telefon vasitəsilə zəng edib, pulunu tələb etsə də, o, hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, 18 fevral 2023-cü ildə cavabdehlə görüşmüşlər, cavabdeh ona borclu olduğu məbləğdən 500 manat güzəşt edəcəyi halda mübahisəni öz aralarında məhkəməyə qədər həll etməyi təklif etmiş, lakin aralarında razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, Malik Cəfərovun vasitəsi ilə ilə iddiaçıdan 4850 manat dəyərində press aparatı almağı razılaşmışlar, həmin məbləğdən 3000 manatını ödəmişdir. Aldığı press aparatı nasaz vəziyyətdə olmuş, öz xərci ilə onu təmir etdirmiş, 900 manata ehtiyyat hissə almışdır. 18 fevarl 2023-cü ildə özü gedib iddiaçı ilə görüşüb, 500-600 manat məbləğində güzəşt etməyi təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. İddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, tərəfləti tanıyır, Valehlə qonşu kənddə yaşayır. Eldarı isə sonradan tanımışdır. Eldar ona presbağlayan aparat istədiyini demişdir. Onun vasitəçiliyi ilə sözügedən pres aparatının alqı-satqısı barədə 4850 manata razılaşmışlar, 3000 manatı Eldar həmin gün vermiş, 1850 manat borclu qalmışdır. Eldar söz vermişdir ki, iyul ayında borcunu qaytaracaqdır. İyul ayının axırlarında Eldarla görüşmüş, Eldar texnikanın işləmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Eldarı tanıyır, 2022-ci ilin mart-aprel aylarında Eldarla Xaçmaza press almağa getmişlər. Malik də orada olmuşdur. Eldar 3000 vermiş, qalan 1850 manatı 2-3 aya verməli idi. Pres bağlayan aparatı alıb gətirmişlər. İşə başlayandan sonra görmüşdür ki, Eldar ehtiyat hissəsi alır, texnika nasazdır, təmir etdirir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış sadə yazılı qəbzdən görünür ki, o, həmkəndlisi İddiaçı 4850 manta pres bağlayan almışdır. Lakin ona verdiyi məbləğ 3000 manatdır. Qalan 1850 manatı iyulun ayının 1-nə qaytaracağına söz verir, əgər verə bilməsə qalan məbləği 3 dəfə artıq verməyə söz vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 2022-ci ilin aprel ayının axırlarında 4850 manat dəyərində pres bağlayan aparatı ilkin 3000 manat ödəməklə nisyə almış, qalan 1850 manatı iddiaçı borclu qalmış, cavabdeh həmin pres aparatın dəyərini təşkil edən 1850 manat pulu yaxın iki ay ərzində iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh həmin 1850 manat pulu iddiaçıya verməyərək, iddiaçıya 1850 manat məbləğdə ziyan vurmuş və iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 39 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsindən yaranmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Cavabdeh vurduğu zərər olaraq 1850 manat alınaraq, İddiaçı verilməli və iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh vurduğu zərərin əvəzi olaraq 1850 (bir min səkkiz yüz əlli) manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 39 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurduğu zərərin əvəzi olaraq 1850 (bir min səkkiz yüz əlli) manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 39 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar