Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-424/2021 24.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 1116/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, hər ay iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə el adəti ilə ailə qurmuş, xx.xx.2009-cu il tarixdə nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X3, xx.xx.2012-ci il tarixdə X2 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan pisləşmişdir. O, uşağları ilə birlikdə valideynlərinin yanına getmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1116/2019 saylı qətnaməsi ilə Cavabdeh, xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)1268/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilmişdir. Hazırda təyin olunmuş 200 (iki yüz) manatla uşaqlara baxmaq mümkün deyil. Həmin məbləğ uşaqların yemək və məktəb xərclərini ödəmir. Cavabdeh əmək qabilliyətlidir, uşaqlarına baxmaq üçün maddi və fiziki imkanları vardır. Uşaqlar böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1116/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment 2021-ci il üçün nəzərdə tutulmuş yaşayış minimumundan aşağıdır. Göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, hazırda heç yerdə işləmir. Maddi imkanı olmadığından Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1116/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş iki uşağa cəmi 200 (iki yüz) manat aliment ödəyə bilmir. Ona görə aliment məbləğinin artırılmasına etiraz edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ 539309 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; AZ-İİ 999711 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; Quba şəhər 6 saylı tam orta məktəbin xx.xx.2020-ci il tarixli 220 və 221 saylı arayışlarından görünür ki, X2 həmin məktəbin 3-cü, X3 isə 5-ci sinfində təhsil alır; Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1116/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh, xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1116/2019 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, hər ay iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1116/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, hər ay cəmi 300 (üç yüz) sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə bir uşaq üçün 100 (bir yüz) manat, iki uşaq üçün müəyyən edilmiş 200 (iki yüz) manat aliment artırılaraq, bir uşağa görə aylıq 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə aylıq 300 (üç yüz) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu bir uşağa görə 600 (altı yüz), iki uşaq üçün 1200 (bir min iki yüz) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 1116/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-424/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-424/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver