Məhkəmə qərarları › İş №2(027)-425/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-425/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-425/2021 12.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədirliyi X1 oğlunun katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26335 olan Samsung Galaxy A30s markalı telefon üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə olmaqla, cəmi 906 (doqquz yüz altı) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung paltaryuyan üçün 1139 (min yüz otuz doqquz) manat ödənilməmiş hissə, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə olmaqla, cəmi 1367 (min üç yüz altmış yeddi) manat, ümumilikdə isə 2273 (iki min iki yüz yetmiş üç) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********26335 olan Samsung Galaxy A30s markalı telefon, Samsung Paltaryuyan almış və nəticədə 2273 (iki min iki yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********26335 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 906 (doqquz yüz altı) manat olmaqla ondan, 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1374 (min üç yüz yetmiş dörd) manat (18 ay x 76 manat + 6 manat ilkin ödəniş) Samsung Paltaryuyan üçün ümumilikdə, 1367 (min üç yüz altmış yeddi) manat olmaqla ondan, 1139 (min yüz otuz doqquz) manat ödənilməmiş hissə, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 279 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İş materiallarına əlavə olunmuş məktuba əsasən iddiaçı tərəf iddianı müdafiə etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi ödəniş cədvəllərinə əsasən cavabdeh həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cəmi 906 (doqquz yüz altı) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cəmi 1367 (min üç yüz altmış yeddi) manat olmaqla, cəmi 2273 (iki min iki yüz yetmiş üç) manat borcu vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və cərimənin məbləğini məhkəmə borcluya xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 30 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, Cavabdeh «xxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26335 olan Samsung Galaxy A30s markalı telefon üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə olmaqla, cəmi 758 (yeddi yüz əlli səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung paltaryuyan üçün 1139 (min yüz otuz doqquz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə olmaqla, cəmi 1169 (min yüz altmış doqquz) manat ümumilikdə isə 1927 (min doqquz yüz iyirmi yeddi) manat məbləğində borc tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26335 olan Samsung Galaxy A30s markalı telefon üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə olmaqla, cəmi 758 (yeddi yüz əlli səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, olan Samsung paltaryuyan üçün 1139 (min yüz otuz doqquz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə olmaqla, cəmi 1169 (min yüz altmış doqquz) manat, ümumilikdə isə 1927 (min doqquz yüz iyirmi yeddi) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar