Məhkəmə qərarları › İş №2(027)-430/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-430/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-430/2021 18.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 499.40 (dörd yüz doxsan doqquz manat qırx qəpik) manat əsas, 1749.33 (bir min yeddi yüz qırx doqquz manat otuz üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 75.81 (yetmiş beş manat səksən bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2324.54 (iki min üç yüz iyirmi dörd manat əlli dörd qəpik ) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan “xxxx” ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 36 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2324.54 (iki min üç yüz iyirmi dörd manat əlli dörd qəpik ) manat təşkil edir. Bundan 499.40 (dörd yüz doxsan doqquz manat qırx qəpik) manat əsas, 1749.33 (bir min yeddi yüz qırx doqquz manat otuz üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 75.81 (yetmiş beş manat səksən bir qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********518 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hazır ki, mülki iş üzrə iddiaçının məhkəməyə iddia müddəti bitdikdən sonra müraciət etdiyini və ona görə də, iddia müddəti keçdiyindən iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 36 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdehin banka borclu olması iş materialları ilə təsdiq edilir. Lakin iddiaçı hazırkı mübahisə ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin müddəti 36 ay müəyyən edilmişdir. Bununla da kredit müqaviləsi üzrə öhdəliklərin icrasına xx.xx.2014-cü il tarixdən, iddia müddətinin axımına isə 36 ay bitdikdən sonra başlanmışdır. Lakin iddiaçı məhkəməyə xx.xx.2020-ci ildə 3 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla əlaqədar Cavabdeh məhkəməyə qanunla müəyyən edilmiş qaydada ərizə təqdim etmiş və məhkəmə də həmin ərizəyə əsasən hesab edir ki, mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası iddia müddəti keçdiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin özünə aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası iddia müddəti keçdiyinə görə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar