Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-461/2023 20.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 14.000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır və yaxın münasibəti olmuşdur. 2020-ci ilin əvvəllərində cavabdeh ona yaxınlaşıb xəstəsi olduğunu, ona təcili 10.000 ABŞ dollar pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. Aralarında inam və etibar olduğundan və cavabdehə ev almaq üçün topladığı 14.000 min manat pulu borc vermişdir. Cavabdeh 2020-ci ilin fevral ayında pulu ondan almış və həmin pulun ona verilməsi barədə borc müqaviləsi tərtib etmişdir. Cavabdeh 2021-ci ilin fevral ayında aldığı 14.000 manat borc pulu evini sataraq qaytaracağına söz vermiş və öhdəlik götürmüşdür. Lakin cavabdeh telefon zənglərinə, rəsmi müraciətinə baxmayaraq pulu ödəməkdən yayınmış, onu süründürməçiliyə salmış, sonda isə borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, 2020-ci ildə cavabdeh atasının xəstə olmasını bildirərək ondan pul istəmiş, o da vermiş və borc müqaviləsi bağlamışdır. Cavabdeh müqavilənin notarial qaydada bağlanarsa xərc çox çıxacağından ehtiyyat etmiş və notarial qaydada müqavilə bağlanmasına ehtiyac olmadığını bildirmişdir. Ona görə müqavilə notarial qaydada bağlanmamışdır. Cavabdehə iki dəfəyə evində hər dəfə 5.000 manat vermişdir. Axırıncı dəfə 2020-ci ilin fevral ayında vermişdir. Qəbzi də cavabdeh öz xətti ilə yazmışdır. Cavabdeh bildirmişdir ki, ya evin və da mülkiyyətində olan 2 sot torpağı satıb pulu qaytaracaqdır. Buna dair iltizam da vermişdir. Lakin qaytarmamışdır. Ona görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmərək bildirdi ki, iltizam Cavabdeh tərəfindən yazılmış olsa da, cavabdehə İddiaçı tərəfindən hər hansı məbləğdə pul verilməmişdir. İddiaçı cavabdehi təhdid edərək, iltizam yazdırmışdır. Eyni zamanda Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etirazında qeyd etmişdir ki, tərəflər arasında faktiki olaraq borc müqaviləsi bağlanmamış yalnız təhdid altına məcburən imzalatdırılan formal bir qəbz vardır. Həmin qəbzə nəzər yetirəndə onun həqiqətə belə uyğun olmaması da aydın görünməkdədir. Qəbzin harada, hansı ünvanda, hansı tarixdə imzalanması bəlli deyil, qəzbdə o da qeyd olunur ki, borcun əvəzinə qızıl və sənəd qirov qoymamışam. Qəbzdə qızıl və sənəd qoymamışam kəlməsinin işlədilməsinə hansı zərurət var idi? Həmin zərurət yalan əqdi pərdələmək məqsədi ilə yanaşı digər həqiqi şifahi əqdə olan münasibətləri qabartmamaq tələbindən irəli gəlmişdir. İddiaçı cavabdehə qəbzdə bu kəlmələri məcburən yazdırtmaqla bir növ özünün ifşa etmişdir. Qəzdə göstərilən 14.000 manat vəsait uydurmadır, iddiaçı bu məbləğdə pulu cavabdehə verməmiş və cavabdehdə həmin məbləğdə pulu iddiaçıdan almamışdır. Həqiqət də ondan ibarətdir ki, cavabdeh iddiaçının anası, X2 2008-ci ilin fevral ayında ayda 20 faiz ödəmək şərti ilə 2.400 ABŞ dolları sələmə pul almışdır, qarşılığında isə qarant, təminat olaraq cəmi 42 qram çəkisi olan qızıl vermişdir, 30 qram çəkidə Kardinal boyunbağı sep və əlavə olaraq 10 qramlıq Kardinal sep üstündə 2 qramlıq kulon, ümumvətəndaş (xarici) pasportu və sürücülük vəsiqəsi almaqdan ötəri həkim arayışını da vermişdir. Bundan sonra cavabdeh 2008-ci ilin fevral ayından başlayaraq 2011-ci ilin mart ayi daxil olmaqla X3 hər ay 550 manat (100 manatını əsas borcan silmək şərti ilə) faiz ödəmişdir. Ümumilikdə isə cavabdeh iddiaçının anasına 37 ay ərzində (37x550 =20.350) 20.230 manat pul ödəmişdir. 2009-cu ilin dekabr ayında cavabdeh X4 faiz ödəniş etməkdə çətinlik çəkdiyinə görə Zahidə Mirzəxanovanın təkidi ilə onlar "xxxx" ASC-nin Quba filialına gedərək Cülnarə Qədirovaya məxsus olan, lakin Zadidə Mirzəxanovada girovda saxlanılan 42 qram qızılı girov qoyaraq bankdan Zahidə Mirzəxanova 1200 manat kreditə pul götürmüşdür, həmin kreditin ödənişini isə banka Cavabdeh aylar üzrə ödəniş qəbzlərini imzalayaraq krediti bağlamışdır. 2009-cu ilin dekabr 2010-cu ilin yanvar-fevral ayları üzrə həmin 1200 manat kreditin cavabdehin imzası olan qəbzləri bankda saxlanılmaqdadır, kredit bağlanandan sonrə zinət əşyaları yenədə Zahidə Mirzəxanovaya qaytarılmış və hal-hazıra kimi də onda qalmaqdadır. Yəni Cavabdeh ilə iddiaçının anası X5 arasında şifahi əqd mövcud olmuş, həmin əqdin İddiaçı heç bir aidiyyəti olmamışdır. 2011-ci ilin aprel ayında cavabdeh işdən çıxarıldıqdan sonra X3 heç bir ödəniş edə bilməmişdir. Bundan sonra X5 cavabdehin üzərinə faiz hesablamağa başlamış və onu təhdid etmişdir. 2015-2016-cı illərdə X5 cavabdehdən 7000 manat faiz tələb etmiş və cavabdeh tərəfindən ödənilən və əsas puldan çıxmalı olan 100 manatı da faiz üstünə faiz hesablayaraq yenə də cavadehi süni olaraq borclu çıxarmış, verilmiş zinət əşyalarını da mənimsəmişdir. Cavabdehin maddi durumunu məhv edən X1 da onun yaşadığı evə göz tikmiş və evin həyətindən torpaq sahəsi istəməyə başlamışdır. Lakin cabadehin yaşadığı ev ata evi olduğundan, ana-atası vəfat edəndən sonra vərəsələr müəyyən edilmədiyindən hal-hazıra kimi vərəsəlik haqqında şəhadətnamə alınmamışdır. Buna baxmayaraq Zahidə Mirzəxanova cavabdehi təhdid etdiyinə görə məcbur olub Bakı şəhərində işə düzəlmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək Bakıda yaşamışdır. Məlum pandemiyadan sonra iş bağlandığı üçün xx.xx.2020-ci tarixdə cavabdeh Quba şəhərinə qayıtmışdır. Yəni iddiaçının məhkəməyə təqdim etdiyi qəbz həqiqəti əks etdirmir, çünki cavabdeh ümumiyyətlə 2020-ci ilin yanvar-mart ayları Qubaya gəlməmiş və nə əvvəl nə 2020-ci ilin fevral ayında nə də daha sonra iddiaçıdan 14.000 manat borc pul almamışdır. Belə olan halda 2020-ci ilin fevral ayında məlum borc qəbzini də cavabdehə verə bilməzdi. Qəbzə dair həqiqətsə ondan ibarətdir ki, iddiaçı anası ilə birlikdə 2022-ci ilin iyul ayının əvvəli cavabdehin evinə gələrək fazi borcunun 14.000 manata yaxınlaşdığını bəyan etmiş və yenədə tələb etmişlər ki, ata evinin həyətindən iki sot torpaq ayırıb onlara versin. Cavabdeh evin vərəsəlik, miras işi həll olunmadığına görə onlara torpaq verilməsinin mümkün olmamasını bildirmişdir. Bir həftədən sonra iddiaçı anası ilə yenə cavabdehin evinə gələrək ümumvətəndaş (xarici) pasportu və sürücülük vəsiqəsi almaqdan ötəri həkim arayışını müddətləri keçdiyindən qaytarmışlar və cavabdehi təhdid edərək məlum qəbzi onlara verilməsinə nail olmuşlar. Yəni qəbz onlara 2022-ci ilin iyul ayında verilib sadəcə iddiaçı və anasının təkidi ilə 2020ci ilin fevral ayına aid edilmişdir. X5 bildirmişdir ki, o şəkər xəstəsidir və təzyiqdən əziyyət çəkir bu səbəbdən qəbz qızının adına yazılsın ki, bundan sonra qızı, iş üzrə İddiaçı cavabdehdən 14.000 manat faiz borcunu tələb etməkdən ötəri bir əsas olsun. Yəni hazırki iddia tələbi yalan əqd əsasına verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. İddiaçının məhkəməyə təqdim etdiyi əqd 2008-ci ildə iddiaçının anası X5 ilə Cavabdeh arasına olan əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqdir, yəni yalan əqddir. Şərh olunanlara əsaslanaraq İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh 2020-ilin fevral ayında İddiaçı 14.000 manat pul aldığını, əvəzində qızıl və sənəd qoymadığını qeyd edərək, borcu evini satıb qaytaracağına dair söz vermişdir. İş materiallarında olan Cavabdeh adından olan əlyazma iltizamdan görünür ki, sonuncu Arzu Mikayilovadan uzun müddətdir ki, 14.000 manat borca pul aldığını və qaytara bilmədiyini, evinin satışda olmasını, evini satan kimi borcu qaytaracağını bildirmiş və iltizama imza edərək, xx.xx.2022 tarixini qoyaraq öz soyad, ad və ata adını yazmışdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 1UAJ6RV000200 nömrəli xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən “Şirniyyat evi-ndə” qənnadçı şirniyyatçı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində iş buraxma halları olmamışdır. Sonuncu əmək haqqı 2020-ci ilin mart ayı üçün verilmiş və məlum pandemiya ilə əlaqədar “Şirniyyat evi”-nin işində də fasilə olduğuna görə Cavabdeh xx.xx.2020-ci ildən sonra işləməmişdir. İş materiallarında olan Azercell Telecom MMC-nin xx.xx.2023-cü il tarixli, 7903 saylı məktubundan görünür ki, ***-***-**-** saylı nömrə Azercell şəbəkəsinə məxsus deyildir. ***- ***-**-** saylı nömrə xx.xx.2018-ci il tarixdən etibarən Azercell abunəçisidir. ***-***-**-** saylı nömrənin müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Qeyd olunan nömrələr arasında zənglər aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh 14.000 manat pulun alınıb ona qaytarılmasına dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-461/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-461/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver