Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-515/2025 08.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat məbləğində pulun və 90 (doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, keçən ilin noyabr ayında Cavabdeh adlı şəxsdən icarəyə “Shagman” markalı yük maşını almışdır. Rahimi əvvəlcədən tanımamışdır. Onlar ortaq tanışları vasitəsilə tanış olmuşlar. Aylıq ödənişi 2000 (iki min) manata, ancaq maşının təmirə ehtiyacı olduğu üçün aralarında şifahi olaraq razılaşmış ki, 1500 (min beş yüz) manat ödəsin, qalan 500 (beş yüz) manatı isə maşının təmir xərci kimi ödəniləcək. Razılaşmaya əsasən maşını götürmüşdür. Onun təmirinə başlamışdır. O, ümumilikdə zəhmət haqqını çıxmaqla 11000 (on bir min) manat təmirə pul xərcləmişdir. Bu pul məbləğinin içində 2700 (iki min yeddi yüz) manat icarə pulu vermişdir. Bu ilin yanvarında razılığq əsasında başqa şirkətə icarəyə vermişdir. Buna Cavabdeh razılıq vermişdir. Şirkət əmək haqlarını gecikdirdiyinə görə o da, icarə pulunu ödəyə bilməmişdir. Buna görə də Cavabdeh ondan maşını geri tələb eləmişdir. Maşının mülkiyyətçisi Rahimin oğlu Tural Məmmədovdur. Rahimdə isə Turalın verdiyi baş (əsas) etibarnamədir. Tural həbsdə olarkən ona zəng vurmuş və bu barədə ona da məlumat vermişdir. Pul ödənişi barədə aralarında razılaşmışlar. Ancaq razılaşmaya əməl etməmişlər. Maşını ondan Rahim və digər oğlu Turqul gəlib bu ilin mart ayının 1-də götürmüşlər. Onlar maşını ondan geri almışlar və çəkilən xərci də ödəməkdən imtina etmişlər. Halhazırda Cavabdeh ona 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat verməli pul vardır. Bundan əlavə də ona pul verməlidirlər. Lakin rəsmi olanı qaimə vasitəsilə 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat təşkil edir. Maşının təmiri zamanı telefon vasitəsilə vidyo lentə almışdır. Sübut kimi diskə də köçürmüşdür. Onun təmirə xərclədiyi pulu geri qaytarmaları üçün dəfələrlə telefonla əlaqə saxlamış, evlərinə getmişdir. Lakin Cavabdeh təmirə xərclədiyi pul vəsaitini ona geri qaytarmaqdan imtina etmişdir. O da, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, avtomobil ona geri qaytarıldıqdan sonra avtomobilin sürətlər qutusu yağ buraxdığı üçün dəyişdirilmişdir. Avtomobil ona təhvil verilən zaman saz vəziyyətdə olmamışdır. İddiaçının iddia tələbi əsassızdır. İddiaçı avtomobili icarəyə götürən zaman bütün xərcləri çəkməyi öz üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, avtomobil ustası kimi fəaliyyət göstərir. İddiaçı avtomobili ona təmir edilməsi üçün təhvil verən zaman işlək vəziyyətdə deyildi. Avtomobili saz vəziyyətinə gətirmək üçün 01 ay müddət sərf edilmişdir. Avtomoilin motorunu (giliz, porşen) saz vəziyyətə gətirmişdir. Avtomobilin təmirinə lazım olan ehtiyyat hissələrini iddiaçı alıb gətirmişdir. Avtomobilin təkərləri dəyişdirilib. Disklərin bəziləri çatlaq vəziyyətdə idi. Həmin disklərdə dəyişdirilmişdir. Avtomobilin təmirinə təxminən 8.000 manat məbləğində sərf edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçı onun həmkəndlisidir. O, kənddə maşın təmiri ustası kimi fəaliyyət göstərir. Avtomobilin təmirində iştirak etmişdir. Avtomobilin motorunun bütün hissələri demək olar ki, qeyri-işlək vəziyyətdə olmuşdur. Avtomobilin təmirinə lazım olan ehtiyyat hissələrini iddiaçı alıb gətirmişdir. Təxminən 45 gün avtomobil təmirdə qalmışdır. Vasif ona avtomobilin təmiri ilə bağlı xidmət haqqını ödəmişdir. Avtomobil təmir olunan zaman nə cavabdeh nədə onun övladlarını görməmişdir. Avtomobilin təmirinə təxminən 10.000-12.000 manat məbləğində sərf edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Samir İsgəndər oğlu ilə eyni məzmunlu izahat verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, icarə müqaviləsi əsasında mübahisə predmetini təşkil edən avtomobil hazırda onun istifadəsindədir. Avtomobil ona verilən zaman nasaz vəziyyətdə olmuşdur. Avtomobil onun istifadəsinə verildikdən sonra 03 ay Xocasən qəsəbəsində yerləşən təmir sexində təmir olunmuşdur. Avtomobilin bütün təkərləri və diskləri tamamilə dəyişdirilmişdir. Avtomobilin digər ehtiyyat hissələrindən olan nasazlıqlar təmir edilmişdir. Avtomobilin təmirinə təxminən 10.000 manatdan çox xərc onun tərəfindən çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, cavabdeh onun atasıdır. Avtomobil iddiaçıya icarəyə veriləndə işlək vəziyyətdə olmuşdur. İlkin olaraq avtomobilin icarə haqqını 2000 manata danışılsa da, sonradan iddiaçı 1500 manat icarə haqqı verəcəyini, yerdə qalan 500 manatı isə avtomobilin təmir xərclərinə ödəyəcəyini bildirmişdir. Ona görə də avtomobilin icarə haqqı 1500 manat müəyyən edilmişdi. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Shagman” markalı yük avtomobilinin təmirinə 4080 manat məbləğində vəsait sərf edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, “Shagman” markalı yük avtomobilinin təmiri üçün alınan ehiyyat hissələrinə 970 manat məbləğində vəsait sərf edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, “Shagman” markalı yük avtomobilinin təmiri üçün alınan ehtiyyat hissələrinə 795 manat məbləğində vəsait sərf edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, “Shagman” markalı yük avtomobilinin təmiri üçün alınan ehiyyat hissələrinə 483 manat məbləğində vəsait sərf edilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli etibarnamə əsasında cavabdeh tərəfindən “SHACMAN SX331 YÜK” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının istifadəsinə verilmişdir. Tərəflər avtomobilin aylıq icarə haqqını 2000 manata razılaşsalar da, avtomobildə olan nasazlıqların aradan qaldırılmasını iddiaçı öz öhdəsinə götürdüyü üçün avtomobilin aylıq icarə haqqı 1500 manata razılaşdırılmışdır. Daha sonra iddiaçı istifadəsinə verilmiş “SHACMAN SX331 YÜK” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırmaq üçün ümumilikdə 6328 manat vəsait xərcləmişdir. Avtomobilin motorunun, təkərlərinin və digər ehtiyyat hissələrinin təmir edilməsini məhkəmə iclasında şahis qismində dindirilmiş şəxslərdə təsdiq etmişlər. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskinə əlavə edilmiş fotoşəkillərdən və videolara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının istifadəsinə verilmiş “SHACMAN SX331 YÜK” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsinə verilən zaman nasaz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı lazımi vicdanlılıqla fəaliyyət göstərdiyindən, ödənişlərlə bağlı sübutlar nəzərə alınmaqla iddia təmin edilməli, Cavabdeh Asif oğlundan 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçı iddia tələbində tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Cavabdeh Asif oğlundan 90 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat və 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-515/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-515/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver