Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-516/2021 08.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Quba rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9276,8 manat məbləğində kredit borcu, 1471,74 manat məbləğində faiz borcu və 5400,59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16149 (on altı min yüz qırx doqquz) manat 13 (on üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli 001L**********58 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20723,2 manat ödəmiş, onun 9276,8 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 128 gün üçün hesablanmış faiz borcu 1471.74 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 128 gün üçün hesablanmış cərimə 5400,59 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişlər və iclasa gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli 001L**********58 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı ilə digər cavabdehlər arasında bağlanmış zaminlik müqaviləsinə görə zaminlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 001L**********58 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 İddiaçı-dən 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh2 arasında 001S**********02 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh3 arasında 001S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə banka olan borcu əsas məbləğ üzrə 9276,8 manat məbləğində kredit borcu, 1471,74 manat məbləğində faiz borcu və 5400,59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16149,13 manat məbləğində, cərimə hesablanmış gecikdirilən günlərin sayı 129 gün təşkil edir. İş üzrə cavabdehlər isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcları yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 9276,8 manat məbləğində kredit borcu, 1471,74 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 50 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı «İddiaçı » QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 001R********** saylı kredit razılaşması əsasında yaranmış 9276,8 (doqquz min iki yüz yetmiş altı manat səkkiz qəpik) manat məbləğində kredit borcu, 1471,74 (bir kin dörd yüz yetmiş bir manat yetmiş dörd qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 10798,54 (on min yeddi yüz doxsan səkkiz manat əlli dörd qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçının xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-516/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-516/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver